08.09.2016

İmişli rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

İmişli rayon təhsil işçilərinin 8 sentyabr 2016 tarixdə Heydər Əliyev Mərkəzində konfransı keçirildi. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfransda İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Təhsil Nazirliyinin nümayəndəsi Aydın Rəhimov, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri, təhsil şöbəsi aparatının işçiləri, məktəb direktorları, müəllimlər və yüksək bal toplayan məzunlar iştirak edib.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov “2015/2016-cı dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr”mövzusunda məruzə edib. O,məruzədə təhsil sahəsində əldə edilmiş naliyyətlərdən və habelə müəyyən çatışmazlıqlardan söhbət açıb. Eyni zamanda 2015/2016-cı tədris ili buraxılış imtahanlarının nəticələrini geniş təhlil edərək bildirib ki, IX siniflərdə imtahana buraxılmış 1277 nəfər şagirdin 64%-i ana dilindən, 61%-i isə riyaziyyatdan, XI siniflərdə imtahanlara buraxılmış 1095 nəfər şagirdin 67%-i ana dilindən, 64%-i isə riyaziyyatdan müvəffəq qiymət almışlar ki, bu da keçən ildəkindən 5% çoxdur.

Konfransda 2015-ci ildə rayondan “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş müəllimlər: Əliyeva Leyli Məhərrəm qızı və İbrahimova Aynur  Asif qizı, “Tərəqqi” medalına layiq görülmüş Abbaslı Aybəniz Ərzuman qızı, bu il fəaliyyətə başlayan gənc müəllim Əmirova Könül Əlyar qızı çıxış ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi Aydın Rəhimov çıxış edərək təhsil sahəsində olan yeniliklərdən, uğurlardan və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev konfransı yekunlaşdıraraq öz tövsiyyələrini verdi və ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunları fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırıb.


Açar sözlər: ,