15.09.2016

Məzrəli kənd tam orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub

İmişli rayonu Məzrəli kənd tam orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev, təhsil işçiləri, məktəblilər və kənd ictimaiyyəti iştirak ediblər.

Giriş sözü ilə tədbiri məktəbin direktoru Teyyub Əzullayev açaraq qeyd etdi ki, Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş 640 şagird yerlik məktəb binasında 23 sinif otağı, ümumiləşdirilmiş kimya və fizika laboratoriyası,  kompüter otağı, akt zalı, idman zalları, bufet, müəllimlər otağı, kitabxana var. O, çıxışında  məktəb ərazisində açıq idman meydançasının tikildiyini və təhsil müəssisəsinin ərazisində abadlıq işlərinin də aparıldığını bildirib.

Sonra kənd ağsaqqalı valideyn Əliyev Əlizamin İnşallah oğlu çıxış edərək ölkədə aparılan genişmiqyaslı tədbirlərdən, o cümlədən təhsilə, mədəniyyətə göstərilən qayğıdan söhbət açdı və kənd ictimayyəti adından ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev  15 sentyabr - Bilik Günü və məktəbin açılışı münasibətilə təhsil işçilərini, məktəbliləri, valideynləri təbrik edib, məktəbin pedaqoji kollektivinə yeni dərs ilində müvəffəqiyyətlər arzulayıb. Çıxışında son illər təhsil sahəsində aparılan islahatlardan, yeni məktəb binalarının istifadəyə verilməsindən və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğulayıb. Respublikamızın hər yerində olduğu kimi təhsilə dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsi olaraq İmişli rayonunda da tədrisin keyfiyyətinin yüksəldiyini diqqətə çatdırıb.

Məktəbin açılışını bildirən rəmzi lent kəsilib və  sonra qonaqlar məktəbin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdikləri qayğını əks etdirən fotolardan ibarət guşə ilə, sinif otaqları, idman zalları və digər otaqlarla tanış olublar.


Açar sözlər: ,