29.09.2016

Ali məktəbə qəbulda lider olmuş məktəb

Yeni dərs ilinə 87 nəfər müəllim, 1200-ə yaxın şagird kontingenti ilə başlayan İmişli şəhər 1 saylı məktəb-lisey yeni uğurlara imza atmaqda davam edir. Bu təhsil ocağında həmişə maraqlı tədbirlər, olimpiadalar, bilik və idman yarışları, əyləncəli oyunlar keçirilir. Ötən illərdə olduğu kimi, bu il də şəhər məktəb-liseyin məzunları ali məktəblərə qəbul sahəsində də birincilik qazanıblar. Belə ki, adıgedən məktəbin 32 şagirdi müxtəlif ali məktəblərə qəbul olublar.

Xatırladaq ki, 500-700 arası bal toplayanların sayı 11 nəfər, o cümlədən 600-dən çox bal tolamış 3 nəfər: Əliyev Allahverdi Nəcəf oğlu 670 balla Bakı Dövlət Universitetinə, Cəfərzadə Fərid Elşən oğlu 630 balla Daxili İşlər Nazirliyinin Polis Akademiyasına və Məmmədova Günay Vahid qızı isə 615 balla Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Uzun illərdir ki, pedoqoji fəaliyyətlə məşğul olan Akif Mövsümov məktəb-liseyin direktorudur. Onunla məktəbin bağçasında görüşmək bizə nəsib oldu. Xeyli söhbət etdik. Üzündən şadlıq tökülən Akif müəllimin sevinci aydın duyulurdu. O, tələbə adı almış şagirdlərindən də artıq sevinc içərisində idi.

Məktəb direktorunun dediklərindən: Rəhbərlik etdiyim şəhər 1 saylı məktəb-lisey bu il də buraxılış imtahanının nəticələrinə və ali məktəbə qəbulda lider olub. Bu, müəllimlərimizin birbaşa uğurları, kollektivimizin qələbəsi deməkdir. Bu qələbədə hamının zəhməti var. Söhbətinə davam edərək bildirdi ki, müəllimimiz Abbaslı Aybəniz Ərzuman qızı ötən tədris ilində “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa müəllimlərimizdən Şakirə Məmmədova “Əməkdar müəllim” fəxri adına, Afət Əliyeva “Tərəqqi” medalına, Rəhilə Şükürova “Qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüblər. Məktəb-liseyin tərbiyə işləri üzrə təşkilatçısı Mirzeynal Fəttahov vəzifəsinin icrası ilə yanaşı geniş bədii yaradıcılıqla da məşğul olur. Belə ki, onun şeirləri dövrü mətbuatda dərc olunur. Bununla yanaşı onun yaradıcılığını əks etdirən kitab dərc olunub və oxucular arasında geniş yayılıb.


Açar sözlər: ,  ,