30.09.2016

Biologiya fənninə olan həvəsim məni müəllim etdi

Əsli Laçın rayonundan olan Əhmədli Lamiə Miryusif qızı 1995-ci ildə Tərtərdə anadan olub. Orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsinndə yerləşən Laçın rayonunun Çıraqlı kənd tam orta məktəbində alıb. Çıraqlı kənd tam orta məktəbi Laçın rayonu işğal olunduqdan sonra Abşeron rayonunun Masazır qəsəbəsinə köçürülən məktəblərdən biridir.

Lamiə 2012-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. 2016-cı ildə universiteti bitirib, Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 43 bal toplayıb və İmişli rayon mərkəzindən 22 kilometr uzaqlıqda yerləşən Buludlu kənd İ.Allahverdiyev adına tam orta məktəbdə biologiya müəllimi kimi əmək fəaliyyətinə başlayıb.

Lamiə deyir ki, “biologiya fənninə olan həvəsim məni müəllim etdi”. İndi o öz biologiya müəllimini xatırlayaraq, ona müəllimliyə məhəbbət yaradan Cəvahir Hacıyevanı xoş xatirələrlə anır. Lamiənin bu ildən qoşulduğu kollektivdə 24 pedaqoq çalışır. Qeyd edək ki, Buludlu kənd tam orta məktəbində 170-dən çox şagird təhsil alır. Son on ildə bu məktəbdə biologiya fənnin sirlərini şagirdlərə qeyri-ixtisas müəllimləri öyrədirdi. Artıq ilk dərslərin həyəcanını yaşayan Əhmədli Lamiə şagirdlərin bilik səviyyəsindən və kənd sakinlərinin özünə qarşı isti münasibətindən çox razıdır. Gənc müəllim deyir ki, “ucqar kənddə işləmək daha maraqlıdır. Həm də Təhsil Nazirliyinin təşkil etdiyi güzəştlərə görə kənddə işləmək daha yaxşıdır.

 İşlədiyim məktəbdə təhsil mühiti çox əladır və şagirdlər də aktivdirlər. Amma şagirdlərin biologiya elmindən dünyagörüşləri bir qədər aşağı olduğu hiss edilir”. Gənc yaşda müəllimlik fəaliyyətinə ucqar kənddə başlayan şəxslərə cəmiyyətdə fədakar kimi baxırlar? sualına Lamiə əslində, hər yer eyni deyil, məsələn, mən işlədiyim bu kənddə istər kollektiv, istər kənd əhalisi elə xoş münasibət göstərir ki, mənə heç nə çətin gəlmir, özümü yad kimi hiss etmirəm, insanların xoş rəftarı, siması məni daha da həvəsləndirir deyə cavab verir.