04.10.2016

Mən kənddə işləməyə üstünlük verdim

Hər dəfə gənc müəllimlə tanış olanda, təhsilimiz barədə daha nikbin düşüncələrə dalıram. Gənc müəllimlərlə söhbət adamda övladlarımızın gələcəyi ilə bağlı böyük ümidlər yaradır. Belə gənc müəllimlərdən biri də Sarıxanlı kənd V.Novruzov adına 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Kənan Beydullayevdir.

Kənan Beydullayev 1992-ci ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini 14 №-li Mingəçevir şəhər tam orta məktəbində alıb. 2010 cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialını ibtidai sinif müəllimi ixtisası üzrə bitirib. Müəllimlərin işə qəbulu ilə bağlı Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə 49 bal toplayaraq adıçəkilən tədris müəssisəsinə müəllim təyin olunub.

Kənan bildirdi ki, Mingəçevir şəhərində ibtidai sinif müəlliminə ehtiyac olsa da, mən kənddə işləməyə üstünlük verdim. O, öz istəyi ilə bu yolu seçib. İmişli rayonu ilə bağlı eşitdiyi xoş sözlər, yerli camaatın qədirbilənliyi onu bu bölgəmizə çəkib gətirib. O, artıq bu ildən məktəbə ilk addımlarını atan balaca şagirdlərlə işləyir. Özünün dediyi kimi, artıq peşəsinə ürəkdən bağlanıb. Kənan müəllim yaxşı bilir ki, tədris prosesi yalnız bilik, bacarıq və vərdişlərin verilməsi prosesi olmayıb, həm də öyrənməyin yollarını şagirdlərə öyrətmək, onları inkişaf etdirmək prosesidir. Bunun üçün hər bir şagirdin fərdi-psixoloji, tədris-idrak xüsusiyyətlərini öyrənir.

Onların dəyişmə dinamikasını izləyir, bu məlumatları tədris prosesində hər bir uşağa fərdi yanaşmaqla, onlar üçün inkişaflarına, dərketmə səviyyələrinə uyğun tapşırıqlar seçməklə nəzərə alır.

İlk günlər hər dəfə sinfə daxil olanda həyəcan hissi keçirirdim, deyə Kənan müəllim söhbətinə davam edir: “Bu, əslində üzərimə düşən məsuliyyət hissi ilə bağlıdır. Axı, biz müəllimlər vətən üçün layiqli şəxsiyyətlər yetişdirməyə borcluyuq. Bunun təməli isə məhz ibtidai siniflərdən qoyulmalıdır. Mənə görə, müəllim adını daşıyan hər bir kəs çiyninə düşən yükü daim şərəflə daşımalıdır. Müəllim çox səbirli, təmkinli və qayğıkeş olmalıdır. Biz nəzərə almalıyıq ki, kiçik yaşlı məktəblilərlə çalışan müəllim, həm də onlar üçün bir valideyndir”.

Daha sonra müasir təlim metodları barədə söhbət edirik. Deyir ki, indi informasiya bolluğu şagirdlərin dünyagörüşünün artması üçün böyük imkanlar açır. Eyni zamanda, bu, şagirdin vətənimizin keçmişi, mədəniyyəti, bu günü və gələcəyi barədə müstəqil nəticə çıxara bilməsi üçün zəmin yaradır. Həmsöhbətim kurikulum kursunda olub. Dediyinə görə, həmin kursda öyrəndikləri gənc müəllim kimi onun çox köməyinə gəlir. Düşünür ki, bu sistem şagirdlərə daha sərbəst, yaradıcı, fəal və müstəqil olmağa imkan verir. Belə olan halda kiçik məktəblilər sıxılmır, düşündüklərini ifadə etməyə alışırlar.

Şagirdlərin yalnız parta arxasında oturmaqla daxili imkanlarını, bacarıqlarını, hansı imkana malik olmalarını üzə çıxarmaq mümkün deyil.  Məktəblərdə keçirilən tədbirlər, şagirdlərin nəyə qadir olduqlarını, istedadlarını üzə çıxarmaqla yanaşı, həm də tarixi günlər və hadisələrin onların yaddaşına daha dərindən həkk edilməsində mühüm rol oynayır. Yeri gəlmişkən qeyd edim ki, hazırda məktəbdə qarşıdakı əlamətdar gün - 5 oktyabr Beynəlxalq Müəllimlər günü ilə bağlı tədbirə hazırlıq işləri görülür. Bu Kənan müəllimin həyatında ilk peşə bayramı olacaq.