05.10.2017

Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Şəhər 5 saylı məktəb-liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib. Tədbirdə RTŞ-nin əməkdaşları, müəllimlər, qabaqcıl və müəllimlik fəaliyyətinə yeni başlamış gənc müəllimlər iştirak ediblər.

Dövlət himninin səslənməsindən sonra çıxış edən İmişli RTŞ-nin müdiri Ramiz Əmirov hər bir müəllimin tədris etdiyi fənnən asılı olmayaraq, şagirdləri vətənə, xalqa layiq bir övlad olmağa hazırlamasından danışıb. Qeyd etdi ki, hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridirlər. O, müəllimləri səmimi arzularla təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Toplantı iştirakçıları Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli Beynəlxalq Müəllimlər Günü münasibətilə verdiyi sərəncamda Ölcələr kənd tam orta məktəbin müəllimi Xuraman Əhmədovanın “Əməkdar müəllim” fəxri adına layiq görülməsini böyük sevinclə, alqışla qarşılayıblar.

Çıxış edən “Əməkdar müəllim” Xuraman Əhmədova gənc müəllimlərə çətinliklərdən qorxmamağı, müəllim adını həmişə uca tutmağı, yenilikçi və fəal olmağı tövsiyə edib. O, bildirib ki, çalışqanlıq və fəallıq olan yerdə hökmən uğur da olacaq.

Sonra şəhər 3 saylı tam orta məktəbin müəllimi Hacıyeva Aysel, Buludlu kənd tam orta məktəbin müəllimi Cabbarova Ülkər, Qaralar kənd tam orta məktəbin müəllimi Əliyeva Ülkər çıxış ediblər. Tədbirdə səslənən çıxışlarda vurğulanıb ki, cəmiyyət yaxşı insanlara görə müəllimə borcludur. Gənclərin əsl vətənpərvər kimi yetişməsi üçün məktəbin qarşısında böyük vəzifələr qoyulur. Nə yaxşı ki, bu peşənin bütün məsuliyyətini çiyinlərində daşıyan gözəl, mehriban müəllimlərimiz kifayət qədərdir. Belə hörmət və məhəbbətə layiq olan müəllimlərimizə eşq olsun!