09.10.2017

Əslində kiçik yaşlarımdan musiqi müəllimi olmaq istəyirdim

“Gənc müəllimlərimiz” layihəsinin ilk qonağı Şahverdili kənd tam orta məktəbin riyaziyyat müəllimi Günel Əliyevadır. O, 1994-cü ildə Goranboy şəhərində anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və 50 bal toplayaraq Şahverdili kənd tam orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.

Biz Günel müəllimə ilə görüşmək üçün məktəbdə olduq. O, VIII sinifdə dərsdə idi. Dərsdən sonra onunla həmsöhbət olub seçdiyi müəllim peşəsi haqqında fikirlərini öyrəndik.

-Günel xanım, müəllimlik peşəsini sizə sevdirən nə olub?

-Əslində kiçik yaşlarımdan musiqi müəllimi olmaq istəyirdim. Amma, orta məktəbdə riyaziyyat müəllimim Roza Məmmədova bu fənni mənə sevdirdi. Və mən riyaziyyat müəllimi olmağa qəti qərar verdim. Çalışaraq bu peşəyə sahib oldum.

-Artıq ilk dərsdən  müəyyən müddət keçib. Müəllimlik peşəsinin ilk günləri necə keçib?

-Dərslər çox maraqlı keçir. İlk dərs günü həyəcanlı olsam da, şagirdlərin öyrənmək həvəsi məndə dərslərin daha maraqlı keçməsinə və daha həvəslə çalışmağıma böyük maraq yaradır.

-Məktəbdəki iş şəraiti sizi qane edirmi?

-Bəli, qane edir. Məktəbin binası yeni tikilb, tədris üçün bütün standartlara cavab verir. Məktəbin infrastrukturu lazımi səviyyədədir.

-Kənddə qarşılaşdığınız mənzərə və insanlar sizdə necə fikir yaradıb?

-Kənd camaatı çox mehribandır. Biz gənc müəllimlərə qayğı ilə yanaşırlar. Kəndin özü də çöx abad, axar-baxarlı və səliqə-səhmanlıdır.

-Pedaqoji kollektivin sizə münasibəti necədir?

-Məktəbə gələn gündən kollektivin isti münasibətindən elə bilirəm ki, mən də bu kəndin sakiniyəm. Belə getsə, bəlkə də, müəllim kimi taleyimi bu kəndə birdəfəlik bağlayacağam.

 -Gənc müəllimlərə nə tövsiyə edərdiniz?

-Onu tövsiyə edirəm ki, gənc müəllimlər kəndə gəlməkdən çəkinməsinlər. Çətini özlərini şagirdlərə sevdirməkdir, peşəyə sevgi yaratmaqdır. Hiss edirəm ki, uşaqlarla, valideynlərlə xoş ünsiyyətdə olan müəllim peşəsinə daha qırılmaz tellərlə bağlanır.