11.10.2017

GÇH rəhbərlərinin iştirakı ilə tədbir keçirilib

Rayonun ümumi təhsil məktəblərində GÇH rəhbərlərinin fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş tədbir keçirilib. 

Tədbir şəhidlərin ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. 

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin  əməkdaşı və Təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədbirdə Təhsil şöbəsinin əməkdaşı Mehman Süleymanov məruzə ilə çıxış edib. O, bildirib ki, rayonda binası yenidən tikilən və ya əsaslı şəkildə təmir olunmuş ümumi təhsil məktəblərinin hərbi kabinetləri yeni əyani vəsaitlərlə təmin olunub. Bu sahədə yaradılmış şərait və həyata keçirilən tədbirlər hərbi rəhbərlərin işlərinə daha məsuliyyətlə yanaşmaları üçün stimul yaradıb. O, məktəblərdə gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. Daha sonra qeyd edib ki, gənclərin çağırışaqədərki hazırlığı fənni həm gənclərin fiziki və hərbi-vətənpərvərlik tərbiyəsində, həm də ordu sıralarına hazırlanmasında mühüm əhəmiyyət daşıyır. Fənn müəllimləri öz işlərini tələb olunan səviyyədə qurmalı və  konfransda deyilən nöqsanların tezliklə aradan qaldırılmasına nail olmalıdırlar.

Təhsil şöbəsinin əməkdaşı məktəblərdə  “Vətənin müdafiəsinə hazıram!”  adlı silsilə tədbirlərin keçirilməsinin və  bu tədbirlərdə müharibə veteranlarının, müəllimlərin iştiraklarını təşkil etməyin, şagirdlərin vətənpərvərlik ruhunda çıxışlarının ümumi işə böyük fayda verə biləcəyindən də danışıb. O, bildirib ki, məktəblilər müntəzəm olaraq hərbi hissələrə aparılmalı, praktiki hərbi xidmətlə tanış edilməlidir.