20.10.2017

Gənc müəllim Ülkər Cabbarova

“Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı Buludlu kənd tam orta məktəbin ibtidai sinif müəllimi Ülkər Cabbarovadır. O, 1994-cü ildə Şəki şəhərində anadan olub. 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin ibtidai sinif müəllimi fakültəsini bitirib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və 52 bal toplayaraq Buludlu kənd tam orta məktəbinə ibtidai sinif müəllimi təyin olunub.

Biz Ülkər müəllimə ilə görüşmək üçün onun qonağı olduq. Onunla həmsöhbət olub bəzi fikirlərini öyrəndik.

-Son dövrlər gənc müəllimlərin ucqar kənd məktəblərində işləməyə həvəsi artıb. Buna səbəb kimi nəyi əsas gətirərdiniz? 

-Bu həvəs hər bir müəllimdə fərqli ola bilər. Mənim üçün ucqar kənddə işləmək yeni mühit, fərqli şərait, insanlara uyğunlaşa bilmək və indidən gələcək üçün təcrübə toplamaqdır. Kənd məktəbində işləmək həm də maraqlıdır. Çünki, kənd həyatı şəhər həyatından çox fərqlidir. Bundan əlavə, gənc müəllimlərə ucqar kənd məktəblərində çalışdıqları üçün müəyyən müavinətlər ödənilir.

-Sizcə, kənd məktəblərini şəhər məktəblərindən fərqləndirən cəhətlər hansılardır?

-Əlbəttə, kənd məktəblərində şərait şəhər məktəbləri ilə müqayisədə fərqlidir. Hər bir müəllim istəyər ki, işlədiyi təhsil müəssisəsi bütün standartlara cavab versin. Amma, mənə elə gəlir ki, kənd məktəblərində çalışan müəllimlər şəhər müəllimlərinə nisbətən daha fədakar olur. Burada müəllim özünü daha tez tanıda, təsdiq edə bilər. Düzdür, müəyyən çətinliklər var, amma bu çətinliklər məni qorxutmur. Kənddə internet resurslarının və internetə çıxışın məhdudluğu və bu kimi bəzi çatışmazlıqlar təlimdə əyaniliyin tətbiqində müəyyən çətinliklər yaradır.  Bu kimi çatışmazlıqları qarşılamaq kənd müəllimindən ikiqat zəhmət tələb edir.

 -İlk dərs günü necə keçdi?

-Dərslər başlayana qədər artıq Buludlu kəndinin mühitinə uyğunlaşmışdım. İlk dərs günü həyəcanlı olsam da,  mənim üçün maraqlı keçdi. İlk dərsin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunması bu həyəcanı aradan qaldırdı,  məndə qürur hissi yaratdı.

-Şəkidən çox uzaqda-ucqar rayon kəndində darıxmırsınız? Dərsdən sonra hansı işlə məşğul olursunuz?

-Darıxmağa vaxt qalmır. Demək olar ki, vaxtımın böyük əksəriyyəti növbəti günün dərslərinə hazırlaşmaqla keçir. Məişət qayğılarım elə də çox deyil. Bu da şagirdlər üçün əlavə məlumatları toplamağıma kömək edir.

-“Gələcək, gənc müəllimlərin əsəridir” fikrinə münasibətiniz?

-Bu fikirlə tam razıyam. Düşünürəm ki, hər bir insan həyatda uğur qazanmaq, cəmiyyətdə özünə layiqli yerini tutmaq üçün öncə, ailəsinə, daha sonra müəllimlərinə borcludur. Təbii ki, şagirdlərin gələcəyi bizim onlara aşılayacağımız ideya və fikirlərdən, verəcəyimiz biliklərdən böyük ölçüdə asılıdır. Bu baxımdan müəllim gələcəyin memarıdır desəm, heç də yanılmaram.  

-Gənc müəllim kimi kənddə sizə münasibət necədir? 

-Kəndə gəldiyim ilk gün məni məktəb direktoru Əli müəllim qarşıladı. O, məni kəndlə, məktəblə və kollektivlə tanış etdi. Kənddə məndən başqa digər gənc müəllimlərə də münasibət yaxşıdır. Fikirləşirəm ki, bu münasibət sona qədər də yaxşı olacaq. Təbii ki, biz gənc müəllimlər bizə göstərilən etimadı fəaliyyətimizlə doğrultmalıyıq.