24.10.2017

“Yeni fənn kurikulumları – yeni təhsil alətləri” adlı layihənin təqdimatı olub

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”ndə İmişli rayonu üzrə qalib olmuş “Yeni fənn kurikulumları – yeni təhsil alətləri” adlı layihənin təqdimatı olub. Tədbirdə İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov, Metod kabinetin direktoru Sevdimalı Hüseynov, layihənin rəhbəri Mərdan Əlizadə və layihə çərçivəsində təlimlərə qatılacaq gənc müəllimlər iştirak ediblər.

Çıxış edən rayon Təhsil şöbəsinin müdiri Ramiz Əmirov Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin əhəmiyyətindən söz açıb. O, qrant müsabiqəsində qalib olmuş “Yeni fənn kurikulumları – yeni təhsil alətləri” adlı layihənin faydalılığını vurğulayaraq bunun həyata keçirilməsi üçün hərtərəfli dəstək göstəriləcəyini bildirib.

Metodik Kabinetin direktoru Sevdimalı Hüseynov layihənin əhəmiyyəti barədə danışaraq bunun rayon təhsilinə verəcəyi töhfələrdən, layihə çərçivəsində təlimlərdə iştirak edəcək müəlimlərin qazanacağı bilik və bacarıqlardan söz açıb.

Layihənin rəhbəri, İmişli rayon A.Kərimov adına Bəcrəvan kənd tam orta məktəbin coğrafiya müəllimi Mərdan Əlizadə tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verib. O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, “Yeni fənn kurikulumları – yeni təhsil alətləri” adlı layihə üzrə 2016-2017-ci və 2017-2018-ci dərs ilində müəllimlərin işə qəbul imtahanları çərçivəsində rayonun ümumtəhsil məktəblərində işə qəbul olmuş və fənn kurikulumu təlimlərindən keçməyən Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat müəllimlərinə müvafiq fənn kurikulumları üzrə təlimlər keçiriləcək. Bu təlimlər də onların müəllimlik kompetensiyalarının təkmilləşməsinə və gələcəkdə təlim-tədris prosesinin effektivliyinin yüksəlməsinə təsir edəcək. O, bütün bunların ölkədə  keçirilən təhsil sahəsində islahatlara öz töhfəsini verəcəyinə əminliyini bildirib.