27.10.2017

“Təhsildə keyfiyyət ili” ilə bağlı tədbir keçirilib

“Təhsildə keyfiyyət ili” çərçivəsində növbəti tədbirlərdən biri Ölcələr kənd tam orta məktəbdə keçirilib. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak ediblər.

Məktəbin direktoru Ramil Möhbalıyev “Təhsildə keyfiyyət ili” çərçivəsində pedaqoji kollektivin qarşısında duran vəzifələrdən danışıb. O, vurğulayıb ki, məktəbin binası 2014-cü ildə yenidən inşa olunub və müasir avadanlıqlarla, istilik sistemi ilə təchiz olunub. Bütün bunlar məktəbdə dərsin keyfiyyətinə öz təsirini göstərib. Bunun nəticəsi olaraq son illərdə ali məktəblərə sənəd verən 27 nəfər məzundan 17-si ali məktəblərə qəbul olub. Son üç ildə buraxılış imtahanlarında iştirak etmiş 37 nəfər 9-cu sinif şagirdindən 22 nəfəri, 47 nəfər 11 sinif şagirdindən 24 nəfəri müvəffəq qiymətlər alıblar. Bundan əlavə, son üç ildə MİQ-dən keçmiş üç nəfər gənc müəllim məktəbdə müəllimlik fəaliyyətinə başlayıblar.

2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə aktual problemlərə həsr olunmuş pedaqoji mühazirələr müzakirə olunub, fikir mübadiləsi aparılıb və tövsiyələr verilib. Peqaqoji mühazirələr rayon Təhsil şöbəsində  təşkil edilmiş təşkilat komitəsinə təqdim olunacaq.