30.10.2017

Gənc müəllim Taleh Şiriyev

“Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı Hacıbabalı kənd tam orta məktəbin riyaziyyat müəllimi Taleh Şiriyevdir. O, 1995-ci ildə Lerik şəhərində anadan olub. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin riyaziyyat-informatika müəllimliyi fakültəsini bitirib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və 52 bal toplayaraq Hacıbabalı kənd ümumi orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.

Onunla həmsöhbət olub seçdiyi müəllimlik peşəsi ilə bağlı fikirlərini öyrəndik.

-Taleh müəllim, necə oldu ki, bu peşəni seçdiniz

-Bu peşəni seçməkdə anam Bağdagül xanımın və ilk müəllimim Kamran İbrahimovun böyük təsiri olub. Məhz onlar məndə bu peşəyə sevgi yaradıblar. Beləliklə, onların dəstəyi və öz inadkarlığım nəticəsində bu peşəyə yiyələndim.

-Hələ tələbə olarkən harda, hansı məktəbdə işləmək arzusunda olmusunuz?

-İnanmayacaqsınız, nəinki tələbə, hətta orta məktəb vaxtından rayonumuzdan kənar bir yerdə işləmək arzusunda olmuşam. İstəmişəm ki, başqa bir mühitdə, tanış olmadığım bir yerdə çalışım. Bu istək və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydaları məni bura - Hacıbabalı kəndinə gətirib çıxardı. Bununla da, arzuma çatmışam.

                -Artıq iki aydır ki, Hacıbabalıdasınız. Günləriniz necə keçib?

-Hacıbabalıda müəllimlik fəaliyyətimə başlamağımdan çox razıyam. Artıq bu kəndə, onun adamlarına alışmışam. Kənd əhalisinin mənə və məndən başqa indiyədək bura gəlmiş gənc müəllimlərə münasibəti çox yaxşıdır. Bizə hərtərəfli qayğı göstərirlər. Heç bu iki ayın necə keçdiyini bilməmişəm.

-Məktəb şagirdlərinin gənc, yeni müəllimlərinə münasibətləri necədir?

-İlk dərsdə şagirdlərə özümü təqdim edəndə çox sevinmişdilər. Ümumiyyətlə, məktəbə yeni müəllimin gəlişindən həm pedaqoji kollektiv, həm şagirdlər çox sevinirlər.  Bəzən, bir də görürsən ki, valideynlər kənd məhsullarından nəsə gətirirlər. Bu da təbii ki, az vaxt keçməsinə baxmayaraq qazandığımız sevginin qarşılığıdır.

-Fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib, hansı gözləntiləriniz var?

-Müəllimlərin dediyinə görə, məktəbə gənc müəllimlərin gəlişi şagirdlərin dərslərə davamiyyətində özünü göstərir. Bununla yanaşı, onların  ali təhsilə maraqları da artıb. Şagirdlərin mənə tez-tez verdikləri suallar əsasən, universitet həyatı ilə bağlı olur. Mən də belə sualları həvəslə cavablayır, onların təhsil istəklərini artırıram.

- Fikrinizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti daha da arta bilər

-Məktəbin binası yeni inşa edilib. Köhnə bina isə qonşuluqda qalmaqdadır. Müasir tələbləri ödəyən yeni məktəb binası bütün infrastruktura malikdir. Məktəbdə əlavə İKT avadanlıqlarının, interaktiv lövhənin olmasına ehtiyac var. Fikrimcə, bu tip yeni müasir avadanlıqların sayının çox olması məktəbdə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərər.