31.10.2017

“Uşaqlara qayğı gələcəyimizə qayğıdır!” devizi altında tədbir keçirilib

Hər il ənənəvi olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə oktyabrın 20-dən noyabrın 20-dək respublikamızda “Uşaq hüquqları aylığı”  keçirilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqət və qayğının artırılması və onların hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.

Rayonun ümumi təhsil məktəblərində keçirilən silsilə tədbirlərdən biri də “Uşaqlara qayğı gələcəyimizə qayğıdır!” devizi altında Yalavac kənd tam orta məktəbdə keçirilib.

Tədbirdə Təhsil şöbəsinin Metodik kabinetin direktoru Sevdimalı Hüseynov, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Metodik kabinetin direktoru Sevdimalı Hüseynov 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsinin zəruriliyindən danışıb. O, bildirib ki, bu sənəd özündə dünyada yaşayan bütün uşaqların iqtisadi, sosial, mədəni və hətta siyasi hüquqlara malik olmasını əks etdirir.

Məktəbin direktoru Nigar Fərəcova ölkədə bütün uşaqlara göstərilən dövlət qayğısından, onların hüquqlarının hərtərəfli müdafiə olunmasından və bu istiqamətdə görülən işlərdən danışıb. O, eyni zamanda uşaqların öz hüquqlarını bilməyə və onlara düzgün riayət etməyə borclu olduqlarını vurğulayıb.