16.11.2017

«Ölkəmizi tanıyaq» tur-aksiyasının iştirakçıları yola düşüb

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayonun ümumi təhsil məktəblərinin 9-11-ci sinf şagirdlərindən ibarət qrup Gəncə, Şəmkir və Göygöl rayonlarına səfərə yola düşüb.

Tur-aksiyada iştirak etmək   üçün rayonun ümumi təhsil məktəblərindən təhsili və nümunəviliyi ilə fərqlənən 40 nəfər şagird  seçilib.

Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər  təyin olunub, şagirdləri səfər boyu müşayiət edəcək  müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xususi geyimlər alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup müasir nəqliyyat vasitəsilə təmin edilib.

Yola salınma mərasimində İmişli rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər. Mərasimdə İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Ölkəmizi tanıyaq”  layihəsinin əhəmiyyətindən danışıb. O, tur-aksiyanın ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin şagirdlər tərəfindən dərindən öyrənilməsinə xidmət edəcəyini, onlarda xoş təəssüratlar yaradacağını vurğulayaraq layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzulayıb.

Şagirdlər əvvəlcə  ulu öndər Heydər Əliyevin adını daşıyan parkda  ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və oradan da yola düşüblər.