11.12.2017

Qarabağ müharibəsi iştirakçısı ilə görüş keçirilib

Otuziki kənd tam orta məktəbində Qarabağ müharibəsi iştirakçısı Şamil Cəbrayılovun şagirdlərlə görüşü keçirilib.

Tədbirdə məktəbin direktoru Balanisə Quliyeva çıxış edərək məktəblərdə hərbi-vətənpərvərlik mövzusunda belə görüşlərin keçirilməsinin əhəmiyyəti haqqında məlumat verib. O, bu kimi görüşlərin bütün məktəblərdə keçirilməsinin vacib olduğunu da qeyd edib.

Şamil Cəbrayılov görüşdə Qarabağ hadisələrindən, Xocalı faciəsindən, Aprel döyüşlərindən danışıb, ordumuz haqqında xoş və qürurlu sözlərlə şagirdlərə ətraflı məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabit heyətlərinin dünya ölkələrinin sülhməramlı tədbirlərində, eləcə də, öz missiyalarını yerinə yetirərək antiterror əməliyyatlarında yaxından iştirak etmələrindən danışıb.

Şamil Cəbrayılov çıxışında Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunda azsaylı hərbçilər döyüşürdülərsə, hazırda onların sayıının 10 minlərlə olmasından danışıb.  O, torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda onların - keçmiş Qarabağ müharibəsinin döyüşçülərinin torpaqlarımızın  işğalçılardan təmizləmək üçün yenidən döyüşməyə hazır olduqlarını bildirib.

Çıxışının sonunda Şamil Cəbrayılov şagirdlərə öz arzu və istəklərini bildirərək, Vətənə layiqli övlad olmaları üçün yaxşı oxumağı, əsl vətəndaş olmağı tövsiyə edib.