08.02.2018

Müəllim savadlı ola bilər, amma onun öyrətmə bacarığı daha əsasdır.

İmişli Rayon Təhsil Şöbəsinin “Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı Oruclu kənd ibtidai məktəbin gənc müəllimləri Gülbəniz Qarayeva və Gülər Sədullayevadır.

Onlarla həmsöhbət olub müəllimlik peşəsi ilə bağlı fikirlərini öyrəndik.

 

Gülbəniz Səfail qızı Qarayeva (ibtidai sinif müəllimi)

Gülbəniz 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 45 bal toplayıb. İmişli rayonu Oruclu kənd ibtidai məktəbini seçib. Seçimində yanılmadığını deyən Gülbəniz, müəllim olmaq istəyən gənclərə ucqar məktəblərə işləməyə getməkdən çəkinməmələrini tövsiyə edir.

O, Ağdam rayonunun Mahrızlı kəndində boya başa çatıb və məktəb təhsilini də Mahrızlı kənd tam orta məktəbində alıb.

Uşaqlıqdan tarix müəllimi olmaq istəyirdim. Amma, sonradan qərarımı dəyişdim. Ölkəmizdə ali təhsilli ibtidai sinif müəllimlərinə böyük ehtiyac olduğundan qərarımı dəyişdim. Təhsil illərində praktikalarda olanda isə peşə seçimimdə yanılmadığımı anladım. Orta məktəbdə oxuduğum illərdə elə bilirdim ki, müəllimlər təkcə əmək haqqı üçün çalışırlar. Amma, indi başa düşürəm ki, bu heç də belə deyilmiş. Əsas məsələ məsləkdir, amaldır. Bu işə ürəkdən başladınmı, daha geri çəkilmək yoxdur. Belə bağlılıq olmazsa, bu müqəddəs sənəti heç seçməsən yaxşıdır.

O, bir qədər ara verib söhbətə davam edir:

-İmişli rayonu və Oruclu kəndi haqqında heç bir bilgim yox idi. Burda olduğum beş ayda artıq bu bölgəni və insanlarını tanıdım. Buranı seçməkdə yanılmadığıma bir daha yəqinlik yarandı. Bura gələndə başqa bir müəllimin də  bu məktəbə mənimlə eyni vaxta gəlməsi məndə böyük bir yaratdı. Hazırda ikimiz də bir yerdə qalırıq. Bir-birimizə dayaq oluruq. Mən səhər növbəsində işləyirəm, Gülər isə ikinci növbədə. Məktəbdəki kimi evdə də işlərimizi növbəyə salmışıq. Kirayə haqqı elə də çox deyil. Biz gənc müəllimlərə hər yerdə  yerli adamların diqqət və qayğısını görürük. Buraların qışı elə də soyuq olmur. Evdə də istilik problemi yoxdur. Çünki, kəndə mavi qaz verilir. Məktəbdə isə sinif odun sobası ilə qızdırılır. Bəzən, sobanın səsi, uşaqların dərslərinə maraqla hazırlaşmaları məni nağıllar aləminə aparır.

Fikrimcə, ibtidai sinif müəllimlərinin təhsildə yeri tam başqadır. Axı 11 illik təhsil ibtidai təhsildən başalyır. Bu baxımdan İbtidai sinif müəllimlərinin üzərinə çox böyük bir iş düşür. Onlar təməl daşı qoyanlardır. Mən də çalışıram ki, bu vəzifənin öhdəsinən layiqincə gəlim. Müəllim savadlı ola bilər, amma onun öyrətmə bacarığı daha əsasdır.


 

 

 

 

Gülər Yaşar qızı Sədullayeva (ibtidai sinif müəllimi)

Gülər 2017-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 41 bal toplayıb. Gülər də Oruclu kənd ibtidai məktəbini seçib. O, Xaçmaz rayonunun Şıxlar kəndində boya-başa çatıb və məktəb təhsilini də Şıxlar kənd tam orta məktəbində alıb.

Söhbət zamanı Gülər deyir:

-Məktəbdə işləmək üçün 2016-cı ildə MİQ-də iştirak etsəm də, istəyimə nail ola bilmədim. Amma, ötən il MİQ-də yenidən iştirak etdim və uğur da qazandım. Uğurun bir səbəbi də bal toplayıb ona uyğun yer seçmək oldu. Əvvələr isə bu yox idi. MİQ müəllim olmaq istəyən gənclərə çox böyük imkanlar yaradır.

Xaçmazda və qonşu Qubada vakant yerlər olsa da, mən İmişlini seçdim. Çünki, soyuq havaları heç xoşlamıram. Oruclu kənd ibtidai məktəbini ona görə seçdim ki, ötən il bu məktəb üçün iki vakant yer vardı. Fikirləşdim ki, həmkarım olacaq o biri müəllim də  gənc olacaq. Fikrimdə isə yanılmadım.

Məndə bu peşəyə həvəsi  anam Qumru yaradıb. O, özü də ibtidai sinif müəllimidir. Ömrümü təhsilə bağlamağımla fəxr eirəm. Çünki, müəllimlik heç nədən asılı olmayan bir peşədir. Əslində hər şey sənin bilik və bacarığından, sənətə sevgindən asılıdır. Doğma yerdən uzaq bir məktəbdə işləmək özü bir məktəbdir. Bəzən, çətinliklərimz olur. Onda da, Oruclu kənd tam orta məktəbin müəllimlərinə müraciət edirik. Onlardan da çox razıyıq.

Gülbənizin dediyi kimi kənd və eyni zamanda rayon əhalisi çox mehriban və qonaqpərvərdir. Digər məktəblərdə çalışan gənc müəllim həmkarlarımızla görüşəndə onlar da işlədikləri məktəbdən, yaşadıqları yerlərdən öz razılıqlarını bildirirlər.

Ev sahibi valideyn kimi bizim bütün qayğılarımızı çəkir. Şagirdlərimizdən də çox razıyam. Buranın özünəməxsus şivəsi var. Artıq bu şivəyə öyrəşmişik. Kənddə bəzi çətinliklər var. Bu, ən çox şagirdlərin dünyagörüşündə özünü göstərir. Bizdən əvvəl burda işləmiş müəllim yerini başqa məktəbə dəyişib. Amma, şagirdlərin hazırlıqlarından hiss olunur ki, o bu məktəbdə çox zəhmət çəkib, irəliləyiş yaradıb. Çətinliklərimiz summativ qiymətləndirmələrin hazırlanmasında olur. Qiymətləndirməni hazırlamaq üçün hər dəfə yaxınlıqdakı tam orta məktəbə gedirik. Məktəbimizdə bunun üçün müvafiq İKT avadanlığı yoxdur. Son zamanlar summativlərlə bağlı görülən işləri də izləyirik. İnanırıq ki, növbəti tədris ilində bu məsələlər öz həllini tapaçaq.

Biz çalışırıq ki, şagirdlərimizi daha yaxşı öyrədək. Axı onlar ümumi orta təhsi üçün digər məktəbə gedəcəklər. Bu bizi çox düşündürür. Başa düşürük ki, onları başqaları ilə daha yaxşı ünsiyyət qurmaq üçün də hazırlamaq lazımdır. Şagirdlərimizi gedəcəkləri məktəbdə də izləməli, onlara mənəvi dayaq olmalıyıq.