08.02.2018

Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib

Şəhər 6 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Məktəbin direktoru Sevda Həşimova çıxış edərək şəhid Mübariz İbrahimovun keçdiyi ömür və döyüş yolunun hər bir gəncə nümunə olduğundan danışıb. O, öz qəhrəmanlığı ilə əbədi ölməzlik qazanan Mübariz İbrahimovun Azərbaycanın qəhrəmanlıq tarixində yeni bir səhifə açdığını da vurğulayıb.

Direktor müavini Ceyhun Şükürov isə bildirib ki, Milli Qəhrəman Mübariz İbrahimov və digər qəhrəmanlarımızın apardığı mübarizə haqq savaşı olub və bu savaş torpaqlarımızın işğaldan azad olunmasına qədər davam edəcək. Onlar canlarını vətən torpağı uğrunda fəda edərək bir daha sübut etdilər ki, Azərbaycan xalqı heç bir vaxt erməni işğalı ilə barışmayacaq və gec-tez ərazi bütövlüyümüz bərpa olunacaq.

Sonda şagirdlər qəhrəmana həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,  ,