07.03.2018

“Qədim Hindistan” mövzusunda "açıq dərs"

Murğuzallı kənd tam orta məktəbin 6-cı sinfində “Qədim Hindistan” mövzusunda “açıq dərs” olub. Dərsdə məktəb rəhbərliyi, rayon Təhsil şöbəsinin əməkdaşları və fənn müəllimləri iştirak ediblər.

Müəllim Polad Ağababayev dərsin əvvəlində şagirdlərdə motivasiya yaratmaq üçün İKT avadanlıqlarından istifadə etməklə Hindistanla bağlı filmlərindən fraqmentlər nümayiş etdirib. Müəllim şagirdləri “Hindistan”, “Kasta” və “Aşoka” qruplarına ayıraraq hər bir qrupa tədqiqat aparmaq üçün tapşırıqlar verib.

Qrup nümayəndələri onlara verilmiş tədqiqat suallarını lövhə qarşısında cavablandırıblar. “Hindistan” qrupu Hindistan dövlətinin yaranması və inkişaf amillərinə aid mətndə buraxılmış nöqtələrin yerinə uyğun sözləri yazıb, tənlikləri həll etməklə alınan cavabların fonunda hansı tarixi hadisələrin göstərilməsini qeyd edib. “Aşoka” qrupu Aşokanın Hindistan tarixində rolu ilə bağlı verilmiş qısa məlumatları tamamlayıb və zaman oxunda bununla bağlı mühüm hadisələri qeyd edib. “Kasta” qrupu qədim Hindistanda idarəetmə qaydalarını, sosial iqtisadi münasibətləri təsvir edən mətndə səhv yazılmış sözlərin altından xətt çəkib. Daha sonra şagirdlər tərəfindən təqdimat hazırlanaraq müzakirə edilib.

“Açıq dərs”in gedişi müəllimin yüksək elmi, pedaqoji hazırlığına malik olduğunu, şagirdlərə dərin biliklər aşıladığını nümayiş etdirib. “Açıq dərs”dən sonra  onun müzakirəsi keçirilib. Müzakirədə iştirak edənlər “açıq dərs”i yüksək qiymətləndiriblər.