13.03.2018

Məktəb direktoru cəmiyyətin, təhsilin ən aparıcı bir siması, şəxsiyyəti və lideri olmalıdır

İmişli rayonunda iş sferasını yaxşı bilən, dövlətin təhsil siyasətini öz fəaliyyətində reallaşdırmağı bacaran məktəb rəhbərləri çoxdur. Onlardan biri də Əliqulular kənd R.Məmmədov adına tam orta məktəbin direktoru Tağıyev Səxavət Feyruz oğludur. Onun rəhbərlik etdiyi məktəbin qabaqcıl iş təcrübəsi dəfələrlə Təhsil Şöbəsi və Təhsil Nazirliyi tərəfindən öyrənilərək yayılmışdır. Səxavət müəllim təhsil sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2007 - ci il tarixli 2420 nömrəli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu günlərdə Səxavət müəllimlə həmsöhbət olub, bəzi suallarımızı cavablandırmağı xahiş etdik.

 

 

- Səxavət müəllim, 37 ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz. İlk olaraq bu peşə ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Müəllimlik şərəfli bir peşədir. Qürur  duyuram ki, ömrümü - günümü bu şərəfli yolda “xərcləmişəm”. İllər geri dönsə, həyatda təkrar peşə seçmək imkanım olsa, yenə də müəllimlik peşəsini seçərəm. Bu şərəfli peşənin mənim həyat yoluma , gətirdiyi ucalıq ən böyük mükafatımdır.

-Təhsilmizdə gedən yeniləşmə və müasir məktəb modeli barədə düşüncələrinizi bizimlə bölüşmək maraqlı olar.

-Yeniləşmə zamanın tələbidir. Bu gün dünənimizin, sabah bu günümüzün nöqsan və catışmazlıqlarını görməsək, düzəltməsək, inkişafa nail ola bilmərik. Nə yaxşı ki, Təhsil Nazirliyi sistemində bütün istiqamətlərdə uğurlu islahatlar həyata keçirir. MİQ (Müəllimlərin işə qəbulu) bu gün uğurlara aparan yolun  ən başlıcasıdır, cünki pedaqoji kadrların seçilməsi və yerləşdirilməsi ədalətli həllini tapmasa, təhsildə heç nəyə nail olmaq mümkün deyil.

Hazırda bir neçə il əvvəllərlə müqayisədə pedaqoji kadrların yeniləşdirilməsində şəffaflığın, demokratikliyin şahidi oluruq. Acığı, bu uğurlu kadr siyasəti sayəsində məktəblərimiz ona yük ola biləcək müəllimlərdən  təmizlənməkdədir. Yeni gələn kadrlar savadı, istedadı və intellekti ilə seçilirlər. Yetər ki, dövlət proqramı çərçıvəsində onlara qayğı və diqqəti hər bir məktəb rəhbəri ön planda saxlasın. Bu mühüm dövlət islahatı  müəllimlərin əməyini stimullaşdırdı, əmək haqqı artımı və eyni zamanda, müəllimlərin dərs yükünün tənzimlənməsi üçün məktəb rəhbərlərinə bir istiqamət verdi. Məktəblərdə çalışan və müəllimlik peşəsinə yeni qəbul olunan müəllimlərin MİQ və DQ əsasında güçü bilinir, layiqli yerini tutur. Ən önəmlisi odur ki, bu islahatlara qara yaxmaq, aşağılatmaq istəyənlərə bəhanə yeri qalmır.

Direktor təyinatının yeni formatda aparılması da tamamiilə düzgündür. Seçimdə uğur qazanan namizədlər məktəb direktoru təyin olunurlar. Kimlərinsə müdaxilə etməsi mümkün olmur.

Müasir məktəb modelinə gəlincə, onu demək istəyirəm ki, məktəblərimizin  idarə olunması üçün kifayət qədər dünya standartları səviyyəsində hüquqi - normativ sənədlər qəbul olunmuş, maddi - texniki baza yaxşılaşdırılmış, kadr potensialı yeni istiqamətlərə cavab verə biləcək şəkildə müasirləşmiş, içtimai şüurda məktəbə münasibət “məktəb bizim evimizdir” səviyyəsində dəyişmişdir. Öyrədənin öyrənənə şəxsiyyətyönümlü münasibəti hər çür amirliyi inkar edir. Əlverişli iş şəraiti, məktəb-müəllim münasibətləri, kollektivdəki sağlam mənəvi-psixoloji mühit və içtimai baxışlar müasir məktəb modeli üçün əsas amillərdir . İstər təhsildə aparılan islahatlarda, istərsə də müasir məktəb modelində məktəb rəhbərinin rolu və yeri əvəzolunmazdır. Rəhbərin şəxsi nümunəsi, elmi - pedaqoji savadı, idarəetmə bacarığı olmadan heç nəyə nail olmaq mümkün deyil. Uğurlu ənənəsi olan məktəblərin diaqnostikası göstərir ki, həmin məktəblərin direktorları hər şeydən əvvəl liderlik missiyasına da malikdirlər. Məktəb direktoru cəmiyyətin, təhsilin ən aparıcı bir şəxsi, şəxsiyyəti və lideri olmalıdır.

-Məktəb direktorunun metodiki vəsaitlər müəllifi olması onun pedaqoji yaradıcılığına bir istinaddır. Bəlkə, metodiki vəsaitləriniz barədə danışasınız?

-Müşahdə etmişdim ki, məktəb rəhbərləri, müəllimlər və məktəb işçiləri illik fəaliyyət planları hazırlayarkən bir-birinə müraciət edir, köməklik istəyirlər. Bunu nəzərə alaraq bir neçə il bundan öncə məktəb üçün lazım olan bütün istiqamətlər üzrə fəaliyyət planlarını öz məktəbimizin timsalında hazırladım. Məktəbin, onun pedaqoji şurasının, məktəb və sinif rəhbərlərinin, fənn metodbirləşmələrinin və istedadlı uşaqlarla işin təşkilini əhatə edən “Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi” adlı həmin metodik vəsait İmişli və Beyləqan rayon Təhsil Şöbələrinin Metodik Kabinetlərində müzakirə olunub bəyənildikdən sonra kitab halında nəşr olundu. Təhsil Nazirliyi və ölkənin təhsil içtimaiyyəti həmin metodik vəsaiti yüksək dəyərləndirdi. Qeyd edim ki, həmin metodik vəsaiti təmənnasız olaraq Təhsil Şöbələrin Metodik Kabinetlərinə istifadə üçün göndərdik.

 

 

-Siz həm də fəal ədəbiyyat insanısınız. AYB-nin Aran bölməsi üzrə məsul katibisiniz. Ədəbi fəaliyyətinizlə, pedaqoji işiniz bir-birinə mane olmurmu?

-Yox. Əksinə, onlar bir-birini tamamlayır. Mənim üçün onları paralel aparmaq hər iki sahəyə yaradıcı yanaşmağıma köməklik edir. Ədəbi yaradıcılıq müsabiqələrinə qatılıram. “Qarabağ düşüncələri”, “Gecikmiş məktub”, “Şərqin bülbülü”, və “Ana fəryadı” adlı ədəbi-bədii kitabların müəllifiyəm. Kitablar da insanlar kimidir. Hərəsinin öz tale yükü, tutumu və reytinqi olur. Hər kitabım mənim üçün şagirdlərim qədər əzizdir, doğmadır və ömrümün bir parçasıdır.

-Xankəndi Pedaqoji İnstitutunda oxumusunuz. Beynəlmiləl bir şəhərdə millətçilik oyunları gözləriniz önündə püskürüb. Eşitdiyimizə görə, mübariz mövqeyinizə görə incidilmisiniz də. O illərdən yaddaqalan xatirələri danışmağınızı istərdik.

-1976-1980-ci illər tələbəlik illərim olub. Hər yadıma düşəndə icimi od bürüyür. İnstitutda  3 bölmə var idi: Azərbaycan, rus və erməni bölmələri. Rektor erməni (S.Xalatryan), prorektor azərbaycanlı (Nəcəf Quliyev) idi. Prorektor idarəçiliyə yaxın buraxılmırdı. Azərbaycan və rus bölmələrində əsasən, ermənilər dərs deyirdilər.

Qəribə də olsa deməliyəm ki, müasir Azərbaycan dilinin tədrisi metodikasından Ararat Qriqoryan adlı bir erməni dərs deməyə gələndə, əlaçı tələbə kimi, qrup nümayəndəsi kimi təəccübümü gizlədə bilmədim. Sən demə, mənim etiraz səsim onun içini əməlli-başlı göynədirmiş. Öz yurdumda, öz torpağımda, institutumda məndən intiqam almaq hissi ilə yaşayırmış.

Məntiqə baxın: Azərbaycan dilindən mərhum dilçi alim Xasay Cabbarovdan bütün smestrlər boyu əla qiymətlər aldığım halda, həmin fənnin tədrisi metodikasından və özü də ermənidən qeyri-kafi qiymət aldım. İki dəfə də müxtəlif vaxtlarda kəsirimi düzəltmək üçün yenidən imtahana girdim, o mənə “2” qiymət yazdı. Təlatümlü günlərim başladı. Erməninin Azərbaycan bölməsində dərs deməsi barədə gizlədə bimədiyim təəccüb, içimi göynədən xırda bir etiraz tezliklə Vilayət Partiya Komitəsinə, DQMV-nın hüquq - mühafizə orqanlarına çatdı. Bununla da, beynəlmiləl bir şəhərdə millətçilik toxumu səpən bir şəxs kimi məşhər ayağına çəkildim. İzahatlar izahatlara calandı.

Siz elə bilməyin ki, o vaxtlar DQMV-da azərbaycanlı kadr yox idi. Xalqımızın qeyrətli oğlu, gözəl alim, istedadlı şair Ənvər Əhməd o vaxt milli ruhuna, əqidəsinə görə hər addımda sıxışdırılırdı. Ordan-burdan kadr yığmaqla institutun Azərbaycan bölməsində tədrisi təşkil edən rektorluq Ənvər Əhmədə fars  dilindən dərs verirdi, onun yerinə Azərbaycan dili və ədəbiyyat ixtisaslar üzrə dərsləri ermənilər keçirdi. O vaxt radioda işləyən istedadlı uşaq şairi Ələmdar Quluzadə kimi pedaqoqları instituta cəlb etmək yada düşmürdü.

Bir əhvalat da xatirimdədir. İnstitutu qurtardıqdan sonra Xankəndinə tələbə yoldaşım İlham Quliyevin toyuna getmişdim. Gecə qalmaq üçün o, məni atası evinə apardı. Atası-uzun illər Azərbaycan DİN sistemində rəhbər vəzifələrdə işləmiş, istefada olan polis polkovniki, rəhmətlik Qurban Quliyevlə həmsöbət oldum. O, həm də gözəl tarixçi idi. Əsrin əvvəllərində şahidi olduğu erməni-müsəlman müharibəsindən danışdı. Bu kimi hadisələrin təkrarolunma ehtimallarının nə vaxtsa ola biləcəyi versiyasını qorxa-qorxa dedi. Bir də söylədi ki, Qarabağda sanballı, savadlı, mübariz ziyalılarımız aşkar şəkildə sıxışdırılır.

-Səxavət müəllimi acı xatirələrdən ayırırıq. “Təhsidə keyfiyyət ili” çərçivəsində nə demək istərdiniz?

-Təhsilimiz artıq inkişaf yolundadır. “Keyfiyyət ili” çərçivəsində çalışırıq ki, hər bir şagirdimizə dərin və keyfiyyətli bilik verək. Odur ki, məktəbdə hər bir müəllimin, məktəb işçisinin vəzifə funksiyası çərçivəsində gördüyü işlərin reytinq cədvəlini tərtib etmişik. Son nəticəyə ümidliyik. Rəhbərlik etdiyim pedaqoji kollektivin gücünə inanıram. İnam daha böyük qələbələrdən xəbər verir. Sağlıq olsun!

Səxavət müəllim, çox sağ olun! Tezliklə 60 yaşınız tamam olacaq. Sizi yubiley yaşı münasibəti ilə əvvəlcədən təbrik edir, cansağlığı, pedaqoji və ədəbi-bədii sahədə uğurlar arzulayırıq.