02.04.2018

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Gəncədə olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayonun ümumi təhsil məktəblərinin 9-11-ci sinf şagirdlərindən ibarət qrup martın 26 – 29-da Gəncə, Göygöl və Şəmkir rayonlarında səfərdə olub.

Tur-aksiyada rayonun ümumi təhsil məktəblərindən təhsili və nümunəviliyi ilə fərqlənən 40 nəfər şagird  iştirak edib.

Şagirdlərin yola salınma mərasimində İmişli rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.

Mərasimdə İcra Hakimiyyətinin içtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Cabbarova çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Ölkəmizi tanıyaq”  layihəsinin əhəmiyyətindən danışıb. O, tur-aksiyanın ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin şagirdlər tərəfindən dərindən öyrənilməsinə xidmət edəcəyini, onlarda xoş təəssüratlar yaradacağını vurğulayaraq layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzulayıb.

Şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda  ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və oradan da yola düşüblər.

Tur-aksiyanın birinci günü şagirdləri ölkəmizin ikinci böyük şəhəri olan Gəncənin Zəfər Tağı önündə Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşları, şəhər icra hakimiyyəti aparatının və ictimaiyyətin nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar.

Heydər Əliyev adına Milli Parkı gəzərək Heydər Əliyev Mərkəzi ilə tanış olan şagirdlər,  daha sonra Gəncənin qala divarları formasında inşa edilən, hazırda muzey kompleksi kimi fəaliyyət göstərən Gəncə şəhəri Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksində, Gəncə tarix-diyarşünaslıq muzeyində olan şagirdlər Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar – dekorativ tətbiqi sənətkarlıq nümunələri, misgərlik, dəmirçilik, dulusçuluq, xalçaçılıq məmulatları, silahlar, döyüş vasitələri, məişət əşyaları və milli geyimlərlə yaxından tanış olublar. Gəzinti “Ramada Plaza” mehmanxanasında əyləncəli proqramla davam edib.