03.04.2018

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Gəncədə

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları aksiyanın ikinci günü Gəncə şəhəri ilə tanış olublar.

Şagirdlər 1606-cı ilin yadigarları olan Şah Abbas Məscidi, Çökək Hamam və Gəncə xanlığının sonuncu hökmdarı olmuş Cavad xanın türbəsini ziyarət ediblər. Cavad xan küçəsindəki gəzinti isə şagirdlərə xoş təsir bağışlayıb. Belə ki, şagirdlər küçəboyu gəzdikcə onlara Gəncənin zəngin və çoxəsrlik memarlığının ən gözəl nümunələrinin qorunub saxlandığı, zamanında şəhərin əyanları və varlı tacirləri tərəfindən inşa edilmiş tarixi tikililər haqqında ətraflı məlumat verilib.

Məhsəti Gəncəvi adına mədəniyyət mərkəzində olan şagirdlərə mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə tikilib. Burada XII əsrdə yaşamış Azərbaycanın ilk qadın şairəsi Məhsəti Gəncəvinin həyat və yaradıcılığı haqqında zəngin tarixi materiallar toplanıb. Məktəblilər mərkəzdə fəaliyyət göstərən muzey, qalereya, kitabxana, müxtəlif tədbirlər üçün iclas zalı və sərgi salonu ilə tanış olublar.

Məhsəti Gəncəvi adına mədəniyyət ocağı ilə tanış olan şagirdlər yeni  istifadəyə verilmiş və açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Mirzə Şəfi Vazeh muzeyində olublar. Muzeyin Prezident İlham Əliyevin tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilməsi şagirdlərin diqqətinə çatdırılıb. XIX əsrdə yaşamış Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı haqqında şagirdlərə ətraflı məlumat verilib.  Bələdçilər Mirzə Şəfi Vazehin yaradıcılığının Azərbaycan ilə Avropa arasında ədəbi-mədəni əlaqələrin inkişafında mühüm yer tutduğunu vurğulayıblar.

Tur-aksiya iştirakçılarının günün ikinci yarısında üz tutduqları yer böyük mütəfəkkir, dahi Azərbaycan şairi Nizami Gəncəvinin türbə kompleksi olub. Şagirdlər əvvəlcə şairin valideynlərinin və şeyx Nizaminin qəbirlərini ziyarət ediblər. Onlara məlumat verilib ki, Nizami Gəncəvinin qəbri üzərində ilk türbə XIV əsrdə tikilib. Bu günə qədər şairin məzarı üzərində müxtəlif dövrlərdə dörd dəfə türbə inşa edilsə də, onların heç biri bu qədər möhtəşəm olmayıb. Hündürlüyü 24 metr olan türbənin tikintisində qırmızı qranitdən istifadə olunub. Şagirdlər Nizami Gəncəvinin poemalarının motivləri əsasında işlənən heykəllərə baxdıqdan sonra Nizami Gəncəvi Muzeyinə gəliblər. Qeyd olunub ki, muzeyin binasının tikintisinə 2013-cü ildə başlanılıb. Bundan bir il sonra Prezident cənab İlham Əliyevin Gəncəyə növbəti səfəri zamanı isə muzey istifadəyə verilib.

Günün sonunda məktəblilər müsəlman aləminin müqəddəs ziyarətgahlarından olan “İmamzadə” dini kompleksi ilə tanış olublar. Bildirilib ki, bu müqəddəs yerdə 739-cu ildə beşinci İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn edilib. Ziyarətgahda aparılmış abadlıq-quruculuq və yenidənqurma işləri Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilib.

Gəzinti “Ramada Plaza” mehmanxanasında əyləncəli proqramla davam edib.


Açar sözlər: ,  ,  ,