04.04.2018

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Göygöl və Şəmkirdə olublar

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları aksiyanın üçüncü günü Göygöl və Şəmkir rayonları ilə tanış olublar.

Tur - aksiya iştirakçıları öncə Göygöl rayonuna gəliblər. Onları Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri qarşılayıb. Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiya iştirakçılarını salamlayaraq məktəblilərə xoş səfər təəssüratları arzulayıb və rayon haqqında şagirdlərə geniş məlumat verib.

Sonra şagirdlər Heydər Əliyev Mərkəzi ilə tanışlığa başlayıblar. Əvvəlcə məktəblilər ümummilli liderin həyatının, siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Daha sonra Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinə gələn şagirdlərə məlumat verilib ki, alman koloniyaçıları tərəfindən tikilən kilsə hazırda muzey kimi fəaliyyət göstərir. Muzeydə nümayiş olunan tarixi eksponatlar, vaxtilə almanlar tərəfindən istifadə edilən məişət əşyaları, geyim nümunələri və fotolar şagirdlər tərəfindən maraqla izlənilib.

Tur-aksiya iştirakçılarının Göygöl rayonu ilə tanışlığı füsunkar təbiət möcüzəsi olan Göygölə səfərlə davam edib. Göygöl haqqında məktəblilərə bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında güclü zəlzələ baş verib. Zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və füsunkar gözəlliyə malik, təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Onlardan Göygöl və Maralgöl daha məşhurdur.

Tur-aksiya iştirakçıları günün ikinci yarısında Şəmkirə səfər ediblər. Rayon mərkəzinə gələn şagirdləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb. Şagirdlərə Heydər Əliyev Mərkəzi haqqında məlumat verilərək bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Mərkəzin ikinci mərtəbəsinə qalxdıqca məktəblilər yan divarda ümummilli liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolarla tanış olublar. Bu isə həm rəmzi məna daşıyır, həm ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirir. Daha sonra şagirdlər mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi iş otaqlarının oxşarları ilə tanış olublar. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra məktəblilər Şəmkirdə alman koloniyaçıları tərəfindən tikilmiş lüteran kilsəsi ilə tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.

Gəzinti intellektual oyunla davam edib. Martın 29-da “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçılarının Gəncə, Şəmkir və Göygöl rayonlarına səfərı uğurla başa çatıb və onlar geri dönüblər.