08.05.2018

İmişli şəhər 5 saylı məktəb-liseydə nümunəvi dərs keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnindən nümunəvi dərs keçirilib. Məktəbdə bu fənlə bağlı maddi-texniki  bazanın  genişləndirilməsi məqsədilə köməkçi plakatlar, təlim silahları, əleyhqaz və hərbi geyim nümunələri var. 

Şagirdlərdə vətənpərvərlik  ruhunu  qaldırmaq  üçün  məktəbdə milli  qəhrəmanlarımızın  fotostendi hazırlanmış, qruplara bölünmüş şagirdlərdən tağım  və  bölük  yaradılıb.

“Odlu silahdan istifadə qaydaları” mövzusunda keçirilən dərsdə silahların yaranma tarixindən, istifadə məqsədlərindən və insanlara vurduğu zərərlərdən danışılıb. Silahlar haqqında məlumat verən məktəbin hərbi rəhbəri Şahin Musayev silahın sökülməsi-yığılması, qumbaralarla davranış qaydalarını əyani olaraq şagirdlərə nümayiş etdirib. Şagirdlərə sülhsevər ölkəmizdə istifadə olunan silahların yalnız müdafiə məqsədi daşıdığı bildirilib.

Şahin müəllimlə söhbət zamanı o, məktəbdə gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi üçün yüksək şərait yaradıldığını bildirdi. O, dərslərdə bütün əyani vəsait və İKT avadanlıqlarından maksimal səviyyədə istifadə etdiyini söylədi. “Bu dərslər hərbi xidmətə tam hazır olan hərbiçilər hazırlamır. Bu dərslər şagirdlərə ordu, hərbi və hərbi texnika barədə ilkin məlumatlar verir. Həyatını hərbi xidmətə bağlamaq istəyənlər üçün isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və C. Naxçivanski adina hərbi lisey var”-deyən müəllim rayonumuzdan bu hərbi məktəblərə oxumağa gedənlərin  sayının yetərincə olduğunu bildirdi.

Şahin müəllim bu dərslərdə əyaniliyin başlıca şərt olduğunu, gələcəkdə əsgər olacaq şagirdlərin uğur qazanmasında bunun böyük rol oynadığını bildirdi. O, məktəblərdə ibtidai hərbi hazırlıq dərslərinin gücləndirilməsinin, şagirdlərin fiziki və hərbi hazırlıqlarını inkişaf etdirmək üçün məktəblərarası yarışların vaxtaşırı keçirilməsinin vacibliyini vurğuladı. Fənnin tədrisi zamanı fənlərarası əlaqədən geniş istifadə etdiyini bildirdi. O, bir sıra mövzuların izahı prosesində riyaziyyat, coğrafiya, kimya və fizikaya dair anlayışlardan sıx-sıx istifadə etməsindən danışdı.

Hərbi-idman oyunlarının keçirilməsinin, şagirdlərin hərbi hissələrə aparılmasının, əsgərlərlə söhbətlərin, məktəblərdə Qarabağ döyüşlərində iştirak etmiş hərbiçilər, veteranlarla görüşlərin keçirilməsinin şagirdlərdə  hərbi vətənpərvərlik, vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərin inkişaf etdirilməsində mühüm rol oynamasını bildirdi.


Açar sözlər: ,  ,  ,