08.05.2018

Maarifləndirmə tədbiri keçirilib

İmişli şəhər 2 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Vətənpərvərlik hisslərini qorumaq və inkişaf etdirmək hər bir vətəndaşın borcudur” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov, məktəb rəhbərliyi və məktəbin yuxarı sinif şagirdləri iştirak edib.

Öncə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.

Sonra tədbiri giriş sözü ilə məktəbin direktor müavini Sevda Quliyeva açaraq bildirib ki, təhsil millətin gələcəyi olmaqla yanaşı, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində əvəzsiz rol oynayır. Bu baxımdan yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin aparılması, milli-mənəvi dəyərlərimizin, şagirdlərin diqqətinə olduğu kimi çatıdırılması təhsil sahəsində çalışanların ən mühüm vəzifələrindəndir.

DQİDK-nin İmişli bölgəsi üzrə şöbənin əməkdaşı Elbəy Dəmirov çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. O, vətənpərvərliyin ən ali məqamı olan şəhidlik haqqında danışaraq Qarabağ uğrunda döyüşlərdə şəhid olan İmişli oğulları-kapitan Nəcməddin Savalanov və baş leytenant Cavid Dədəkişiyevin keçdiyi şərəfli döyüş yolundan geniş məlumat verib. Bu kimi maarifləndirici tədbirlərin gənclərdə vətənə sevgi hisslərinin aşılanması və onlar arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyini bildirib.

Sonda DQİDK tərəfindən çap edilmiş müxtəlif ədəbiyyatalar şagirdlərə hədiyyə verilib.


Açar sözlər: ,  ,  ,