23.05.2018

Bahar Rzayevanın rəsm sərgisi keçirilib

Gələcəkdə dünyaşöhrətli rəssam olmaq istəyən Qaraqaşlı kənd tam orta məktəbin 10-cu sinif şagirdi Bahar Rzayevanın məktəbdə rəsmlərindən ibarət “Gənc rəssam” adlı sərgisi keçirilib .

Rəssam olmaq arzusu ilə yaşayan Bahar özünün və insanların həyatına gözəllik gətirmək arzusu ilə rəsmlər çəkir. Bahar rəsm çəkməyə 3-cü sinifdən başlayıb. Təlim və tərbiyəsi ilə nümunəvi şagird kimi müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazanan Baharın məktəbdə rəsmlərindən ibarət sərgiləri keçirilir.

Baharın sinif rəhbəri Yeganə Bayramova deyir ki, onun fitri istedad sahibi olduğu çəkdiyi şəkillərdən aydındır: ”Düşüncələrinə görə də,  başqa şagirdlərdən fərqlənən Bahar rəsm sahəsində anadangəlmə istedaddır. 5-ci sinifdən ona dərs deyirəm, bu vaxt ərzində məktəbdə onun əl işlərindən ibarət sərgi təşkil edilib. Tək şagirdlər deyil, valideynlər də onun rəsmlərini maraqla izləyirlər. Bahar belə davam edərsə o, peşəkar rəssam ola bilər. Onun qabiliyyəti və potensialı bunu deməyə əsas verir. Tamaşaçısı olan şagird yoldaşları və müəllimlər tərəfindən onun rəsm əsərləri çox böyük diqqətlə izlənilir və bəyənilir.”

Bahar özü də inanır ki, bu qabiliyyət və potensialla yaxın gələcəkdə peşəkar rəssam səviyyəsinə yüksələ bilər. Çünki, bu sənətə sonsuz həvəs və sevgisi var. O, çox arzulayır ki, peşəkar səviyyədə ölkəni beynəlxalq sərgilərdə təmsil etsin. Bahar bu amalla da hər gün öz yaradıcılığını daha da təkmilləşdirməyə çalışır.

Bəzən, Bahara portret sifariş edənlər də olur. O, bu kimi sifarişləri yerinə yetirərkən çox həyəcanlı olduğunu bildirir. Çünki, sifarişlə çəkilən rəsmləri adətən evlərdə çoxları tərəfindən izləniləcək, bəyəniləcək və kim tərəfindən çəkildiyi tamaşıçılar üçün çox maraqlı olacaq.

Bahar Azərbaycan rəssamları Əzim Əzimzadənin karikaturaları, Səttar Bəhlulzadənin mənzərə rəsmləri, Tahir Salahov üslubu və Toğrul Nərimanbəyovun romantik əsərləri ilə daha çox maraqlandığını bildirir. Bahar gələcəkdə ölkəmizi beynəlxaq sərgilərdə təmsil edəcəyinə inanır.


Açar sözlər: ,  ,