12.09.2018

Təhsil işçilərinin ənənəvi konfransı keçirilib

İmişli rayon təhsil işçilərinin ənənəvi konfransı keçirilib. Konfransda İmişli rayon İcra Hakimiyyətinin başçısı, Təhsil Nazirliyinin nümayəndəsi, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri, təhsil şöbəsi aparatının işçiləri, məktəb direktorları, müəllimlər və bu il ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İmişli rayon Təhsil Şöbəsinin müdiri Ramiz Əmirov “2017-2018-ci dərs ilinin  yekunları və qarşıda duran vəzifələr” mövzusunda hesabat məruzəsi ilə çıxış edib. Məruzədə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən və eləcə də, müəyyən çatışmazlıqlardan söhbət açıb. O, diqqətə çatdırıb ki, 2017-2018-ci dərs ilində rayonun 62 ümumtəhsil məktəbində 17 min 194 nəfər şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1637 nəfər pedaqoji işçi məşğul olub. Müəllimlərin 1135 nəfəri ali, 348 nəfəri orta ixtisas və 34 nəfəri isə ümumi orta təhsillidir.

Eyni zamanda, 2017-2018-ci tədris ilinin buraxılış imtahanlarının nəticələrini geniş təhlil edib. O, təhlil zamanı vurğulayıb ki, IX siniflərdə imtahana buraxılmış 1134 nəfər şagirdən 1 nəfəri, XI siniflərdə imtahanlara buraxılmış 999 nəfər şagirdən 4 nəfəri fərqlənmə attestatı alıb.

O, bu il 297 nəfər məzunun ali məktəblərə qəbul olduğunu, onlardan 500-dən çox bal toplayanların 38 nəfər, 600-dən çox bal toplayanların isə 14 nəfər olduğunu bildirib. Məruzədə, həmçinin ötən dərs ilində rayon məktəblilərinin müxtəlif respublika müsabiqələrində, fənn olimpiadalarında qazandıqları nailiyyətlər barədə də geniş məlumat verilib.

Bildirilib ki, təhsilin inkişafında xidmətlərinə görə ötən dərs ilində Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bir nəfər müəllim - Xuraman Əhmədova “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bundan əlavə, daha üç nəfər müəllim - Sədaqət Hacıyeva, Yasəmən Şükürova və Şirzad Əkbərov Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülüb. Hazırda rayonun müəllimlərindən 8 nəfəri “Əməkdar müəllim” fəxri adını, 7 nəfər müəllim “Tərəqqi” medalını və 9 nəfər müəllim isə “Qabaqcıl təhsil işçisi” döş nişanını daşıyır.

Konfransda şəhər 3 saylı tam orta məktəbin direktoru Şahsuvar Əmrahov, ali məktəblərə qəbul imtahanında 690 bal toplamış 2 saylı tam orta məktəbin məzunu Pünhanə Pənahova çıxış ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov çıxış edərək təhsil sahəsində olan yeniliklərdən, uğur və qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Konfransda 2017-2018-ci tədris ili ərzində rayonun ümumi təhsil məktəblərinin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş etdirilib.

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev konfransı yekunlaşdıraraq öz tövsiyələrini verib və ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplamış məzunları fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırıb.