16.09.2018

“Bilik günü” qeyd olunub

“Bilik günü” rayonun bütün ümumi təhsil məktəblərində qeyd olunub. Tədbirlərdə rayon Təhsil şöbəsinin əməkdaşları, İmişli rayon İcra Hakimiyyətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbirlərdə məktəb rəhbərləri çıxış edərək ötən dərs ilində əldə edilən uğurlardan və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

Tədbirlərdə iştirak edən RTŞ-nin əməkdaşları yeni dərs ilinin başlanması münasibətilə şagirdləri, müəllimləri, valideynləri və birinci sinfə ilk qədəmlərini qoyan birinciləri təbrik edib onlara uğurlar arzulayıblar.

5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanıb.

Qeyd edək ki, rayon təhsil şöbəsinin tabeliyində 57 tam orta, 3 ümumi orta, 2 ibtidai məktəb fəaliyyət göstərir.

2018-2019-cu tədris ilində İmişli rayon ümumtəhsil məktəblərinin birinci sinfində 1670-dən çox şagird oxuyacaq.  Ümumilikdə isə 17710 şagird rayonun ümumi təhsil müəssisələrində təhsil alacaq.

Yeni tədris ilində ilk dərslər V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.

Yeni dərs iliniz mübarək!