24.10.2018

“Unutmayaq, unutmasınlar”

Malik İsmayıl oğlu Qəhrəmanlı 1956-cı ildə İmişli şəhərində anadan olub. 1973-cü ildə Aranlı kənd orta məktəbini, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini qiyabi yolla bitirib.

Əmək fəaliyyətinə 1973-cü ildə Aranlı kənd orta məktəbində başlayıb. 1992-ci ildən Aranlı kənd 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışan Malik müəllim gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib, 2008-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Malik müəllim nümunəvi pedaqoji fəaliyyəti ilə yanaşı, müxtəlif elmi və bədii yazıları ilə də tanınıb. 1975-ci ildən başlayaraq mətbuatda bir sıra mövzularda mütəmadi olaraq çıxış edən Malik müəllim Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Məntiq və Riyaziyyat” jurnalının təsisçisi və baş redaktoru olub. Gənc nəslin daha sanballı elmi tədris vəsaitləri ilə təmin olunmasında mühüm rol oynayıb. Belə ki, o, “Riyazi sofizmlər”. Diofant tənlikləri”, “Riyazi rebuslar”, “Əyləncəli riyaziyyat”, “Riyaziyyat həvəskarının maraq dünyası”, “Riyaziyyatdan olimpiada məsələləri”, “Başsındıran məsələlər”, “Məntiqi təfəkkür-IQ testləri”, “Məntiq-IQ testləri”, “Məntiq və Riyaziyyat”, “Riyaziyyatdan maraqlı və məntiqli çalışmalar”, “Riyaziyyat düsturları” kitablarını yazıb.

Onun nüfuzlu şəxslər haqqında yazdığı “Aranlı kəndinin şəhid və itkinləri”, “Azərbaycanın Milli Qəhrəmanı İmanverdi Əliyev”, “Hekayələr”, “Pedaqoji yazılar”, “Unudulmaz insan”, “Qürbət müəllim”, “Fərhad şəhidlik zirvəsində”, “Əlağa Mərdanlı-70”, “Mirələkbər Gövhərli-70” və “Aranlının söz çələngi” kitabları və məqalələri oxucular tərəfindən maraqla qarşılanıb.

Malik müəllim 2017-ci ildə vəfat edib.


Açar sözlər: ,  ,