25.10.2018

Şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsi keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsi və İmişli RTŞ-nin təşkilatçılığı ilə Məzrəli kənd tam orta məktəbində şəhidlərin xatirəsinə həsr olunmuş inşa müsabiqəsi keçirilib.

Tədbirdə  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin rəisi polkovnik - leytenant Qulu Əsədov, İmişli RTŞ-nin əməkdaşı Ələmdar Quliyev və Məzrəli kəndindən olan şəhid ailələri iştirak ediblər.

İlk öncə şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Ələmdar Quliyev tədbir iştirakçılarını salamlayaraq müsabiqənin keçirilmə məqsədlərindən danışıb. Bildirib ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş şəhidlər xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Şəhidlərin həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq, eyni zamanda, onlar xalqımızın qəhrəmanlıq rəmzidir.

Sonra Qulu Əsədov şəhidlərimizin böyük qəhrəmanlıqlarından bəhs edib, döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinin daim əziz tutulduğunu bildirib. O, 2016-cı il aprelin 2-dən 5-dək cəbhədə baş verən və ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərindən danışıb. Ordumuzun aprel döyüşləri ilə hərb tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazmasını bildirib.

Müsabiqə qalibləri 9 – cu sinif şagirdləri Zenfira Qənbərli, Aysun Vəlizadə və Nurcan Abışova yazdıqları inşaları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim edilib.


Açar sözlər: ,  ,  ,