13.11.2018

“Məktəblər arasında respublika çempionatının” atletika növü üzrə rayon mərhələsi keçirilib

Noyabrın 6-7-də İmişli rayon ümumi təhsil müəssisələrinin arasında idmanın atletika növü üzrə “Məktəblər arasında respublika çempionatının” rayon mərhələsi keçirilib.

Yarışda rayonun 26 məktəbindən 156 nəfər şagird iştirak edib. Şagirdlər 100, 200 və 400 m məsafəyə qaçışda özlərini sınayıblar. Gərgin keçən bu yarışda 1-ci yeri Şahverdili, 2-ci yeri 1 saylı məktəb-liseyin və 3-cü yeri Otuziki kənd tam orta məktəbin komandaları tutub.

Qaliblər müxtəlif diplomlarla təltif olunublar. 1-ci yerin qalibi respublika çempionatının zona turnirinə vəsiqə qazanıb.

“Məktəblər arasında respublika çempionatı”nın keçirilməsində məqsəd ümumi təhsil məktəblərində bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşdirilməsi, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, fiziki tərbiyə fənninin təkmilləşdirilməsi, hədəf idman növlərində kütləviliyin artırılması, məktəbdənkənar fəaliyyətlərin qiymətləndirilməsi, qalib məktəblərin beynəlxalq yarışlarda iştirakının təmin edilməsidir.