21.11.2018

“Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları Gəncə, Göygöl və Şəmkirdə olublar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayonun ümumi təhsil məktəblərinin 9-11-ci sinf şagirdlərindən ibarət qrup noyabrın 18 - 21-də Gəncə, Göygöl və Şəmkir rayonlarında səfərdə olub.

Tur-aksiyada rayonun ümumi təhsil məktəblərindən təhsili və nümunəviliyi ilə fərqlənən 40 nəfər şagird  iştirak edib. Şagirdlərin yola salınma mərasimində İmişli rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.  

Mərasimdə İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev çıxış edərək  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin hər yerində həyata keçirilən “Ölkəmizi tanıyaq”  layihəsinin əhəmiyyətindən danışıb. O, tur-aksiyanın ölkəmizin tarixinin, mədəniyyətinin və adət-ənənələrinin şagirdlər tərəfindən dərindən öyrənilməsinə xidmət etməsindən danışıb və layihəyə qoşulan şagirdlərə xoş istirahətlər arzulayıb.

Şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda  ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və oradan da yola düşüblər.

Tur-aksiya zamanı şagirdlər ölkəmizin ikinci böyük şəhəri olan Gəncədə Heydər Əliyev adına Milli Parkı gəzərək Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Gəncənin qala divarları formasında inşa edilən, hazırda muzey kompleksi kimi fəaliyyət göstərən Gəncə şəhəri Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi-Abidə Kompleksində, Gəncə tarix-diyarşünaslıq muzeyində olan şagirdlər Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlarla yaxından tanış olublar. Şah Abbas Məscidi, Çökək Hamam və Gəncə xanlığının sonuncu hökmdarı olmuş Cavad xanın türbəsini ziyarət ediblər. Cavad xan küçəsindəki gəzinti isə şagirdlərə xoş təsir bağışlayıb.

Tur-aksiya iştirakçıları Göygöl və Şəmkir rayonları ilə də tanış olublar. Şagirdlər Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyinədə və füsunkar təbiət möcüzəsi olan Göygölə də olublar. Şəmkirdə isə Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra məktəblilər alman koloniyaçıları tərəfindən tikilmiş lüteran kilsəsi ilə tanış olublar və onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.

Tur-aksiya intellektual oyunla yekunlaşıb. Yarışda 9 rayonun məktəblilərindən ibarət komandalar iştirak edib. İmişli məktəblilərindən təşkil olunmuş komanda yarışın qalibi olaraq kuboku qazanıb.


Açar sözlər: ,  ,  ,