29.11.2018

Azərbaycan müəllimlərinin XV qurultayından təəssüratlar

Əli Nəcəfov İmişli rayonu Buludlu kənd tam orta məktəbin direktoru, Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib: “39 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. Belə bir mötəbər tədbirdə isə ilk dəfə idi ki, iştirak edirdim.

Təəssüratlarım olduqca çoxdur. Təhsil naziri cənab Ceyhun Bayramovun çıxışından irəli gələn vəzifələr təhsil işçilərinin qarşısında gələcək fəaliyyətlərində əsas istiqamətləri müəyyənləşdirdi. Təhsil işçiləri ilə bir gün bir arada olmaq, keçmiş və gələcək fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparmaq mənim üçün çox xoş oldu. Çox sevindirici hallardan biri də o oldu ki, Qəbələ rayonundan olan tələbə yoldaşım da “Tərəqqi” medalı ilə təltif olundu. Onunla görüşüm və dövlət mükafatına layiq görülməyimiz mənim ikiqat sevincimə səbəb oldu.

Cənab Prezidentimiz tərəfindən əməyimizin belə yüksək qiymətləndirilməsi gələcək fəaliyyətimizdə də böyük stimul rolunu oynayır. Bu etimadı daha yüksək şəkildə doğrultmaq üçün bundan sonra da bütün gücümlə çalışacağam.”