18.01.2019

Vahid Tağıyev İmişli Rayon Təhsil Şöbəsinin müdir müavini: “Müəllimlərin işə qəbulu prosesi təhsilimizin ən uğurlu sahələrindəndir”

Son illərdə Azərbaycan təhsili tarixində çox önəmli hadisələr baş verir. Müasir dövrümüz təhsilimizin bütün sahələrində islahatların daha da dərinləşməsi və inkişaf dövrü kimi qəbul edilməlidir.  

İlk növbədə qarşıda duran vəzifə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədinə uyğun olaraq ölkədə səriştəli təhsilverənlərə, müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələrinə və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılmasıdır. Bu, ölkənin davamlı inkişafının təmin edilməsi üçün əsasdır. Təhsil sahəsində aparılan genişmiqyaslı islahatlar dövlətin təhsil siyasətinin reallaşmasının, Təhsil nazirliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Təhsilin inkişafı üçün həyata keçirilən strateji istiqamətlərin: təhsilin məzmunu, təhsilverənlərin səviyyəsi, yeni idarəetmə sistemi, infrastruktur, maliyyələşdirmə mexanizminin hər birinin öz yeri, əvəzolunmaz rolu vardır. Ancaq bunların içərisində təhsilverənlərin bilik, bacarıq səviyyəsi, onların öz peşəsinə bağlılığı və məsuliyyət hissi olmasını xüsusi vurğulamaq lazımdır. Təhsil sahəsində müəllim amili cəmiyyətin ümumi inkişaf səviyyəsinə aid məsələdir. Şagirdlərin uşaqkən əldə etdiyi ilkin dəyərlərin, layiqli vətəndaş olaraq həyata baxışının formalaşmasında müəlliminin kimliyi inkarolunmaz faktdır. Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi: “Heç bir təhsil sisteminin potensialı həmin sistemdə çalışan müəllimlərin bacarıq səviyyəsindən yüksək ola bilməz. Bu fikir son illərdə nazirlik tərəfindən dəfələrlə vurğulanıb”.

142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi, vəzifə maaşının 2 dəfə artırılması, orta aylıq əməkhaqqının 500 manata çatdırılması müəllimlər arasında sağlam rəqabəti əsaslı şəkildə artırıb. Müəllim peşəsinin nüfuzunun yüksəlməsi sahəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin nəticəsidir ki, ali məktəblərə qəbul imtahanlarında 500 və daha çox bal toplayan məzunlar arasında müəllim ixtisasını seçənlərin sayı 2090 nəfər olub. Bu da 2014 - cü ilə nisbətən 2.3 dəfə çoxdur. Müəllim peşəsinə hörmət durmadan artır.

 

Müəllimlərin işə qəbulunda yeni mərhələ

Müəllimlərin işə qəbulu ilə bağlı mərkəzləşdirilmiş müsabiqənin keçirilməsini təhsil sistemində əsaslı və zəruri inqilabi dəyişiklik kimi qiymətləndirsək, yanılmarıq. Bu proses ildən-ilə təkmilləşərək 2018 - ci ildən isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində yaradılan İnsan Resursları Mərkəzinə həvalə olunub. Bəs Mərkəz öhdəliyinə götürdüyü işlərə necə yanaşıb? Barmaqla sayılacaq qədər əməkdaş... İrimiqyaslı işə qəbul prosesləri... Minlərlə müraciət...

Başa çatmış 2018 - ci ildə Təhsil Nazirliyinin rəhbərliyi ilə İnsan Resursları Mərkəzi tərəfindən ilk dəfə proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirilmiş əsas yeniliklərə qısaca  diqqət yetirək:

-Müddətli müqavilə ilə işləyən 477 nəfər müəllimlə müddətsiz müqavilə bağlanılıb;

-Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1294 nəfər müəllimin iş yeri dəyişdirilib;

-Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üzrə 4 tur həyata keçirilib. İRM - nin https://www.facebook.com/EduAzIRM/ səhifəsində hesabat xarakterli məlumatında qeyd olunduğu kimi bu turlar nəticəsində 3814 nəfər işə qəbul edilib.

-Turlar başa çatdıqdan sonra mərkəz tərəfindən boş qalan vakant yerlərə yaşayış yeri, imtahan fənni, bölmə və imtahan nəticəsi nəzərə alınaraq namizədlərlə əlaqə saxlanılıb və 608 nəfər namizəd işə qəbul olunub. Şəffaflıq və yəqin ki, dünyada nadir işə qəbul edilmə nümunələrindən olan bu tədbir zamanı keçid balını toplayanlar evlərində oturub gözləyirlər, boşalan - vakansiya yaranan yerlərdə işləmək üçün onlara telefonla  müraciət edilir və təmənnasız işə qəbul edilirlər.

 

Layihələrin uğurlu icraçısı

İnsan Resursları Mərkəzi yarandığı bir il ərzində öhdəliyinə götürdüyü layihələrin uğurlu icraçısına çevrildi. Respublika üzrə ümumi təhsil müəssisələrində vakansiyaların araşdırılması, yüz mindən çox elektron ərizənin yoxlanılması, ardıcıl olaraq müsabiqələrin keçirilməsi və bu sadalanan proseslərdə şəffaflığın qorunması... İRM kəmiyyət və keyfiyyətdən daha çox şəffaflığı fəaliyyət şüarına çevirdi. İRM şübhə ilə yanaşılan və birmənalı qəbul olunmayan sistemdə şəffaflıq nümunəsinə çevrilib. Yalnız imtahan nəticəsi ilə işə qəbulun mümkünlüyünü beyinlərə yeritdi və bununla da şüurlarda inqilab etdi. Ən savadlı namizədin bu şərəfli peşənin sahibi olacağına hər kəsi inandırdı. Ötənilki işə qəbul müsabiqələri - daimiləşmə, yerdəyişmə, müddətsiz və müddətli müqavilə əsasında işə qəbul  nəticəsində on min nəfərdən çox pedaqoji ixtisaslı kadr yeni iş yeri ilə təmin olundu. İRM “Şəffaf Məmur” obrazını yaratdı.

 

Bürokratiyadan novatorluğa

Mərkəz idarəetmə sistemində məlum vəzifələrin icrası üçün nəzərdə tutulan rəsmi struktur kimi yaradılsa da, fəaliyyətinə yaradıcı şəkildə yanaşaraq qarşıya çıxan problemlərin kökündən həlli üçün öz üzərinə daha çox missiya götürərək səmərəli fəaliyyəti ilə sözün yaxşı mənasında təhsil ictimaiyyətini təəccübləndirə bildi. Mərkəz mövcud olan praktika əsasında fəaliyyət göstərməklə yanaşı, əvvəlllər müəyyən edilmiş yoldan kənara çıxmağı bacararaq yeni mexanizmlər yaratdı və təhsil sisteminə yeni alətlər qazandırdı. İlk dəfə olaraq müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi müsabiqəsi məhz İRM tərəfindən keçirildi. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra boş qalan yerlərə ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu keçirildi. Hazırda da ümumi təhsil müəssisələrində vakant dərs yükü yarandıqca İRM tərəfindən namizədlərin işə qəbul nəticəsi nəzərə alınmaqla yerləşdirilməsi tam şəffaf və obyektiv qaydada aparılır. İRM bürokrat məmur yox, “Təşəbbüskar Məmur” obrazını yaratdı.

 

İctimaiyyətə açıqlıq

Mərkəz öz fəaliyyətini işə qəbul müsabiqələrinin təşkili, həyata keçirilməsi, pedaqoji işçilərin peşəkarlığının qiymətləndirilməsi ilə məhdudlaşdırmır. Eyni zamanda təhsil ictimaiyyətinə açıqdır. Mərkəzin əməkdaşları elektron poçt ünvanı, https://www.facebook.com/EduAzIRM/ sosial səhifəsi vasitəsilə, həmçinin vətəndaşlar üçün rəsmi qəbul günləri keçirməklə onları dinləyir və yardımçı olur. Müəllimlərin təkliflərini, qabaqcıl ideyalarını, habelə yeni iş yeri ilə təmin olunmuş hər bir müəllimin işlədiyi ümumi təhsil müəssisəsində qarşılaşdığı problemləri, onları narahat edən konkret faktlara əsaslanan məsələləri dinləyir, araşdırır və nəticəsi barədə vətəndaşa məlumat verir. Xatirimdədir, MİQ başa çatdıqdan sonra İRM - in facebook səhifəsində problemli vakansiyalar barədə post paylaşılmışdı. Vakant yerlərə təyin olunan müəllimlər problem barədə açıq - aşkar rəylərini qeyd edirdilər. Mərkəz bütün müraciətləri dərhal qeydə alaraq bir neçə gün ərzində araşdırıb həll etdi. Elə bu postu paylaşmaqla İRM sübut etdi ki, öz nöqsanlarını etiraf etməyi bacarır.

Müsabiqənin imtahan mərhələsində isə İRM əməkdaşlarının qayğıkeşliklə namizəd izdihamı arasına qatılması, elə qeydiyyat zalında yaxınlaşan hər namizədin müraciətinə baxılması mərkəzin ictimaiyyətə nə dərəcədə açıq olmasından xəbər verir. Bunun arxasında isə psixoloji rahatlıq, təmənnasız və alnıaçıq məmur amili dayanır. Çünki, İRM əməkdaşları bununla da, bu xalqın övladı olmaqla bərabər “Xalqın Qulluqçusu” obrazını yaratdı.

 

Hər zaman axtarışda

Mərkəzin fəaliyyətinin faydalılığı ilə bərabər, bir qrup gənc əməkdaşının ardıcıl, bir-birini tamamlayan layihələri uğurla həyata keçirmək əzmkarlığı vətənpərvərlik, obyektivlik və şəffaflıq nümunəsi olaraq təhsil islahatları çərçivəsində həm də örnək fəaliyyət nümunəsidir. Çoxillik təcrübəm, daim müəllimlərlə ünsiyyətim, respublika səviyyəsində çox sayda təhsil işçiləri ilə əlaqələrim, informasiya resurslarından, sosial şəbəkələrdən və apardığım vəzifəyə uyğun rəsmi məlumatlardan əldə etdiyim nəticələrə əsaslanaraq İRM - nin apardığı işləri böyük uğur sayır, Təhsil Nazirliyinin və Azərbaycan təhsilinin şəffaflıq simalarından biri hesab edirəm.

Mərkəzin fəaliyyətinin təhlili göstərir ki, mərkəz məsələlərə sistemli, ardıcıl və yaradıcı yanaşır. İş prosesində yerlərdəki real vəziyyətlə, problemlərlə yaxından tanışlıq, onları doğuran səbəbləri aradan qaldırmaq istəyi, peşəkar yanaşmalar istiqamətində bir neçə yeni layihələrin uğurla həyata keçirilməsinə səbəb olub. Sosial səhifəsində “Bir Müəllim - Bir Hekayə” mövzusunda layihəyə müəllimlərin işə qəbulu üzrə builki müsabiqədən uğurla keçərək “müəllim” adını qazanmış şəxslər qoşulub. Gənc, istedadlı müəllimlərin yazdıqları “uğur hekayələri” rəngarəngliyi ilə maraq doğurur. Digər bir layihədə ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə buraxılış kurslarında təhsil alan tələbələrlə müəllimlərin işə qəbulu prosesi ilə bağlı keçirilən seminarlardır. Müəllimlərin işə qəbulu qaydaları, müsabiqənin mərhələləri barədə buraxılış kursundakı pedaqoji ixtisaslı tələbələri məlumatlandırılması gələcəkdə onları müsabiqədə iştiraka həvəsləndirir və hazırlayır. Məlumatlılıq isə inam və şəffaflıq üçün əsasdır. Artıq pedaqoji təhsil verən beş ali məktəbdə bu layihə uğurla yekunlaşmışdır.

Görülən işlər təqdirəlayiqdir, bunu heç kim dana bilməz. Mərkəz ilklərə imza atıb. Ancaq oktyabr ayından sonra mərkəzin işləri azalır. Düşünürəm ki, müəllimlərə imtahan keçirmək kimi sistemli, məqsədyönlü fəaliyyət müəllimin hazırlığı, onların pedaqoji təcrübədən keçməsi və s. məsələləri də əhatə etməlidir. Bu sadalananlar ən azı MİQ (Müəllimlərin İşə Qəbulu), DQ (Diaqnostik Qiymətləndirmə) imtahanı qədər əhəmiyyətlidir.

 

Niyə İmtahan Mərkəzi yox, məhz İnsan Resursları Mərkəzi?

Adından məlum olduğu kimi Mərkəz yalnız imtahan keçirmək üçün yaradılmayıb.  Düşünürəm ki, Mərkəz ona verilən adın mənəvi haqqını ödəmək istiqamətindədir. Yalnız imtahan keçirən orqan olmadığını fəaliyyəti ilə təsdiq etdiyi kimi, daha da genişləndirməklə davam etməlidir.  Mərkəz, öz fəaliyyətində işə qəbul imtahanına qədər müəllim hazırlığı, müəllim olacaq tələbələrin maarifləndirilməsi, onların pedaqoji sahəyə düzgün elmi və praktik hazırlanması, habelə müsabiqə başa çatdıqdan sonra “müəllim” statusu qazanan gənclərin sonrakı ilkin fəaliyyəti dövründə normal iş şəraiti yaradılması və onların öz üzərində işləməsi kimi genişmiqyaslı məsələlərə toxunmaqla, fundamental olaraq təhsilverənlərin formalaşması məsələsini əhatə etmək istəyi təqdirəlayiqdir. Bu mövqe təhsilimizdə müəllim hazırlığı məsələsində sistemlilik yaradılması zərurətinin aktual şəkildə reallaşdırılmasına xidmət edir.

Artıq praktik fəaliyyətə çevrilmiş bu ideyanın yüksək səviyyədə dəstəklənməsinə və genişlənməsinə ehtiyac var. Müəllim hazırlığı - ali məktəbə qəbul olmaqdan başlanmış, ali təhsil müəssisəsində pedaqoji bilik və təcrübəyə yiyələnmək, sağlam rəqabətlə müəllim seçilmək və müəllim olaraq səmərəli fəaliyyət göstərmək və s. məsələləri əhatə edən ardıcıl, əlaqəli, peşəkar və sistemli iş tələb edən vacib bir sahədir.

Azərbaycan müəllimlərinin XV qurultayında təhsil naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi: “Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə, ölkə Prezidenti tərəfindən qarşımıza qoyulmuş məqsədlərə nail olmaq olar”.