20.01.2019

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Yanvarın 19-da xalqımızın azadlıq və müstəqillik mübarizəsinin qəhrəmanlıq nümunəsi - Qanlı 20 Yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar rayonun ümumi təhsil məktəblərində silsilə tədbirlər keçirilib.

Tədbirlər Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirlərdə Qanlı Yanvar haqqında şagirdlərə geniş məlumat verilib və ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsi tədbir iştirakçılarının diqqərtinə çatdırılıb. Xalqımızın hər zaman ədalətsizliyə, işğala, ayrı-seçkiliyə qarşı şərəflə, mərdliklə mübarizə apardığı da bir daha vurğulanıb.

O da bildirilib ki, 20 Yanvar faciəsi - qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası xalqımızın demokratiya, milli azadlıq uğrunda mübarizəsini boğmaq və ona mənəvi zərbə vurmaq məqsədi daşımış, insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir.

İmişli şəhər 5 saylı məktəb-liseydə keçirilən tədbirdə isə şagirdlər tərəfindən çəkilmiş və 20 yanvar hadisələri ilə bağlı rəsmlər nümayiş olunub. Məktəbin sərgi güşəsində 20 yanvar hadisələrini əks etdirən foto stend quraşdırılıb.