23.01.2019

Düşünürəm ki, bütün vəzifələrin təməlində duran əsas amil məsuliyyətdir

İmişli Rayon Təhsil Şöbəsinin “Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı Əliqulular kənd tam orta məktəbin gənc müəllimi İlahə Qasımovadır.

Göyçay rayonunda doğulub boya-başa çatmış İlahə 2018-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək İmişli rayonunun Əliqulular kənd tam orta məktəbini seçib. İlahə seçimində yanılmadığını, bu peşəni seçdiyi üçün heç bir təəssüf hissi keçirmədiyini deyir:  

- Müəllim olmaq arzusu ilə Gəncə Dövlət Universitetinin riyaziyyat fakültəsində bakalavr və magistr təhsili almışam. 2018-ci ildə MİQ-dən keçərək İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində ixtisasım üzrə müəllim vəzifəsinə təyin olundum.

Təyinat yerinə gələndə heç kəsi tanımırdım. Məktəbin direktoru Səxavət Tağıyev məni kənd sakini Hüsən babanın evində yerləşdirdi. Elə o gündən Hüsən kişi mənə baba, həyat yoldaşı Xanım isə nənə oldu. Çox gözəl insanlardır, Allah onlara ömür versin. Təmənnasız olaraq evlərində qalıram.

Məktəbin pedaqoji kollektivindən çox razıyam. Qayğı göstərirlər. Məktəbin bina şəraiti bir o qədər də ürəkaçan olmasa da, kollektivdə yaşanan sağlam mühit ürəkaçandır. Mənim üçün nə lazımdır? Normal bir evdə yaşayıram, yaxşı bir kollektivdə işləyirəm. Üstəlik sinəsi söz-söhbətli Hüsən babam və Xanım nənəm də var. Onların şirinliyi, göstərdiyi nəvaziş həyatıma, peşə fəaliyyətimə xüsusi bir rəng qatır. Öyrəndim ki, Hüsən babanın  atası rəhmətlik Baba müəllim işlədiyim və yaşadığım Əliqulular kəndinin ilk ziyalılarından və müəllimlərindən biri olub. Kim bilir, bəlkə də mənə göstərilən qayğının kökündə elə bu durur. Mən heç vaxt onları unutmayacam. Onlar mənim üçün əsl nənə və babadır.

Tələbəlik illəri maraqlı keçdi və elmin sirlərinə yiyələndim. Lakin, müəllimlik peşəsinin məsuliyyəti müəllim kimi işə başlayanda üzə çıxdı. Universitetdə bütün dərslər nəzəriyyə əsasında keçrildiyi halda, praktikaya isə demək olar ki, az vaxt ayrılır. Praktikada olduğum vaxtdan məktəbə müəllim işləməyə tam qərar verdim. Əlbəttə, universitet təcrübəsi məktəb üçün  kifayət deyil. İlk günlərdə məktəb jurnalının doldurulmasında belə çətinliklərim olurdu. Həmkarlarımın köməkliyi məni bu vəzyyətlərdən çıxardı. Hələ də həmkarlarımdan öyrənirəm. Sahib olduğum peşəmdən vaz keçməyi düşünmürəm. Çünki, bu peşəni seçməyimdə yanılmadığımı hiss etmişəm. Bu peşənin çətinliyini ilk dəfə pedaqoji təcrübədə olarkən görmüşdüm. Müxtəlif xarakterli uşaqlar, valideynlər, müəllim kollektivi ilə işləmək elə də asan deyil. Həqiqətən, müəllimlik çox çətin olmaqla yanaşı, həm də çox məsuliyyətli bir peşədir.

Məktəbdə müəllim işləməyimə qərar verəndə valideynlərim mənim bu istəyimi təəccüblə qarşıladılar: “Dünənki tələbə indi uşaqları öyrədəcək” - deyirdilər. Elə məktəbdə də valideynlərlə ilk görüşlərdə mənim üçün çətin idi. Lakin, tədricən valideynlərlə əlaqələrim yaxşılaşdı və onların mənə etibar etdiklərini hiss etdim. Mən indi həm məktəbdə, həm də valideynlərin yanında hörmət qazandığımı düşünürəm.

İlk günlər dərslərdən çıxan kimi yorğunluqdan evə gedirdim. Fiziki cəhətdən nəsə etmək üçün heç bir güc qalmırdı. Hazırda demək olar ki, bu çətinliklərim geridə qalıb.

İndi təhisilə yanaşma 10-15 il əvvəlkindən fərqlidir. Artıq təhsildə yeni standartlar tətbiq olunur. Müəllim sadəcə məlumat vermir, şagirdlər qarşısında həll etmək üçün problem qoyur.

Mən pedaqoji təhsil alan gənclərə demək istəyirəm ki, məktəblərə işləməyə getməkdən çəkinməsinlər. Bu peşəni seçdiyim üçün heç bir təəssüf hissi keçirmirəm. Öz işimə getdikcə daha çox bağlanıram və özümü başqa işdə təsəvvür edə bilmirəm. Mənim üçün kənddə işləməyin üstünlüklərindən biri də odur ki, qazancım təlabatımı ödəyir, gündəlik xərclərim isə hələlik az çıxır. Düşünürəm ki, bütün vəzifələrin təməlində duran əsas amil məsuliyyətdir. Əgər işində məsuliyyətlisənsə, öz işini sevirsənsə, onda mütləq uğur qazanacaqsan. Bura gələn gündən işimdə hər zaman fərqlənməyə çalışıram. Hardasa müəyyən qədər də buna nail oluram. Düşünürəm ki, hədəfi olmayanlar çalışmaqdan zövq almazlar. Artıq mənim də hədəfim bu peşənin sirlərinə daha dərindən yiyələnmək, daha çox təcrübə toplamaq və onları işimdə tətbiq etməkdir. Artıq şagirdlərimi həvəsləndirmək üçün müxtəlif yollar tapmışam. Hələlik nəticə də var. Bu müxtəlif və müasir yanaşma uşaqlar tərəfindən maraqla qarşılanır və onların diqqətini cəlb edir. Məktəbdəki dərs mühiti, kollektivdəki isti münasibət məndə böyük əhval - ruhiyyə yaradıb. Artıq deyə bilərəm ki, bəzi arzularım gerçəyə çevrilir.

Gələcək karyera haqqında isə hələ heç nə fikiləşmirəm, hazırda məni  dərs dediyim uşaqların gələcəyi düşündürür. Ümid edirəm ki, şagirdlərə öyrətdiklərim uzun müddət onların parlaq yaddaşlarında qalacaq.

 


Açar sözlər: ,  ,  ,