25.01.2019

2019-cu ilin ilk Şura İclası keçirilib

Yanvarın 25-də İmişli Rayon Təhsil Şöbəsində təhsil Şurasının 2019-cu ildə ilk iclası keçirilib. İclasda RTŞ-nin əməkdaşları və rayonun ümumi təhsil məktəblərinin direktorları iştirak ediblər.

RTŞ-nin müdir əvəzi Vahid Tağıyev Təhsil Nazirliyinin 15 yanvar 2019-cu il tarixli F-18 nömrəli “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmrindən irəli gələn vəzifələr barəsində  iştirakçılara geniş məlumat verib. Əmrin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri barədə pedaqoji kollektivlərə ətraflı məlumatın verilməsi məktəb rəhbərlərinə tapşırılıb.

2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi vəziyyəti barədə Buludlu kənd tam orta məktəbin direktoru Əli Nəcəfovun, Göbəktala kənd tam orta məktəbin direktoru Nərgiz Dadaşovanın, Cəfərli kənd 2 saylı tam orta məktəbin direktoru Mehman Qasımovun, Murğuzallı kənd tam orta məktəbin direktoru Qüdrət Əliyevin və Qaradonlu kənd tam orta məktəbin direktoru Dilarə Qarayevanın hesabatları dinlənilib.

Şəhər 6 saylı, Ölcələr, Nurulu və Şahverdli kənd tam orta məktəblərində riyaziyyat və fizika  fənlərinin tədrisi vəziyyətinin öyrənilməsi ilə bağlı aparılmış monitorinqin nəticəsi barədə Metodik Kabinetin direktoru Sevdimalı Hüseynov içlaş iştirakçılarına məlumat verib.

Şəhər 1 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aytac Qəhrəmanovanın qabaqcıl iş təcrübəsi haqqında metodist Kənan Şahpələngovun arayışı dinlənilib və qabaqcıl iş təcrübəsi ilə rayonun ümumi təhsil məktəblərinin müəllimlərinin tanış olması üçün müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sonda direktorları maraqlandıran suallar cavablandırılıb və Şura iclası müzakirə olunan məsələlərlə bağlı geniş qərar qəbul edib.