06.02.2019

“Mənim bir yolum var - o da vicdanla işləməkdir”

İmişli Rayon Təhsil Şöbəsinin “Gənc müəllimlərimiz” layihəsinin növbəti qonağı Qaralar kənd N. Abışov adına tam orta məktəbin gənc müəllimi Aynur Camalovadır.

Aynur Qaralar kənd N. Abışov adına tam orta məktəbdə tarix müəllimidir. O, 2018-ci ildə Gəncə Dövlət Universitetinin tarix  fakültəsini bitirib. Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb. Bu peşəni seçməkdə yanılmadığını bildirən Aynur XXI əsrin müəllimi olmaq böyük zəhmət və iradə tələb etdiyini deyir.

Onunla məktəbdə həmsöhbət olub peşəsi ilə bağlı fikirlərini öyrəndik.

 

-Xahiş edirik bu peşəyə necə gəlməyiniz barədə danışardınız?

-Məktəb illərində mən də başqa həmyaşıdlarım kimi yüksək xəyallar qururdum. Böyüdüm və peşə seçmək məqamına gəlib çatdım. Valideynlərimin istəyi məni həkim görmək idi. Amma, bilirsiniz, insanı məcbur olduğu deyil, sevdiyi sənəti ucaldır. Qarşımda iki seçim var idi. Ya xəyallarımın ardınca gedib müəllim olacaqdım, ya da valideynlərimin istəyi ilə həkim. Mən öz arzumu seçdim. Və müəllim olmaq üçün əlimdən gələni əsirgəmədim.  2013-cü ildə Şəmkir rayonunun Aşağı Seyfəli kənd tam orta məktəbini bitirərək Gəncə Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum. 2018-ci ildə ali məktəbi bitirib Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək uğur qazandım. 50 bal toplayaraq hazırda çalışdığım və xəyallarımın gerçəkləşdiyi İmişli rayonunun Qaralar kənd tam orta məktəbinə tarix müəllimi təyin olundum.

-Dərsinə hazır olmayan şagirdlərin hansı orijinal “bəhanə” cavabları olub?

-Mənim bu səbəblərə görə öz qeyd dəftərim var. Bu dəftərimə şagirdlərin “bəhanə”lərini yazıram. Ən çox “bəhanə”lər – “mən yuxumu almamışam”, “dərsi bütün gecə oxumuşam, amma yadımda qalmayıb”, “dünən başım bərk ağrıyırdı”, “bu günə dərsin olduğunu “unutmuşam”, “qonağımız gəlmişdi, o qədər çox gec getdilər ki...” və s. Çalışıram ki, bəhanələrə yer qalmasın.

-Deyirlər ki, hər bir müəllim öz fənnini ən yaxşı fənn hesab edir. Bəs siz nə üçün tədris etdiyiniz bu fənni sevirsinz?

-Bəli, həqiqətən də, bu belədir. Tarixi hadisələri öyrənmək, hadisələri təhlil etmək və oxuduğum tarixi əsərlərdən zövq almağım bu fənni mənə sevdirib. Öncə söylədiyim kimi lap uşaqlıq illərindən bu fənnə böyük sevgim olub. Amma, başqa fənlərə marağım olsa da, o fənləri tarix qədər öyrənə bilməmişəm.

Bu peşə çox zəhmət tələb edən bir işdir. Artıq indi hiss edirəm ki, uşaqlarla işləmək məndə bu peşəyə böyük həvəs və sevgi yaradıb. XXI əsrin müəllimi olmaq isə sözün əsl mənasında  böyük zəhmət və iradə tələb edir.

-Müəllimin iş günləri çox zəngin olur. Hər gün dərslər, digər məktəb işləri, valideynlərlə görüş, pedaqoji şuralar, iclaslar və s. Bəs iş günündən sonra gərginliyi ən yaxşı nə azaldır?

-Bəlkə də, şagirdlərlə ünsiyyət, dərs prosesi mənəvi rahatlıq verir desəm təvazökarlıqdan uzaq olar. Buna baxmayaraq bir gənc müəllim kimi gərgin vaxtlarım çox olur. Gərginliyi aradan qaldırmaq üçün həzin musiqi və ən çox muğamları dinləməklə mənəvi rahatlıq tapıram. Bəzən də, Nəriman Həsənzadənin şeirlərin oxuyuram. Yaşadığım evdə fiziki işlə məşul olmağım da gərginlikləri azaldır.

-Müəllim olmaq sizin üçün nə deməkdir? Sizin özünüzə nümunə hesab etdiyiniz müəllim olub?

-Müəllim olmaq böyük məsuliyyətdir. Bu, ən əhəmiyyətli və nəcib peşələrdən biridir. Düşünürəm ki, müəllim yalnız effektiv təhsil və təlim modelini həyata keçirən deyil, o, eyni zamanda uşaqları sevən, onların şəxsiyyətinə hörmətlə yanaşan, daima inkişaf edən və ruhən zəngin bir insandır. Mən həm məktəb, həm də tələbəlik illərində gözəl müəllimlərdən dərs və tərbiyə almışam. Mənim isə ən sevimli müəllimim orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmiş Tərlan Məcidova olub.

-Sizin peşə ustalığı ilə bağlı sirləriniz varmı?

-Mənim bir yolum var - o da vicdanla işləməkdir. Açığı deyim ki, mənə təbiət  tərəfindən hansısa qeyri-adi bir istedad verilməyib. Həm şagird olanda, həm də tələbəlik illərində elə müəllimlərim olub ki, dərsə gəlib  və onu asanlıqla yola verib. Mən isə belə düşünə bilmirəm. Axı bu məktəbdə çalışmaq üçün MİQ-dən və müsahibədən keçmişəm. Məni müəllim vəzifəsinə təyin ediblər. Bütün bu ümudləri doğrultmaq üçün indi mənə yorulmadan çox çalışmaq lazımdır.

-Biz sizinlə müsahibədən öncə də müəllimin necə olması barədə söhbət etdik. Bəs sizin fikrinizcə müasir şagirdin siması necə olmalıdır?

-Fikrimcə, müasir şagird məktəbdən sonrakı həyatını necə qurmaq və ya bununla bağlı  seçim etmək üçün çoxlu oxumalı və öyrənməlidir. İndi texnalogiyanın sürətli inkişafı gələcək üçün bir çox yeni sahələr, peşələr yaradır və yaradacaq. Bu gün aktual olan peşələrə yaxın gələcəkdə ola bilsin ehtiyac belə qalmasın. Onlar istəklərini, qabilliyyətlərini və imkanlarını

nəzərə alaraq seçim etməlidirlər. Bəzən isə, onlar televiziyanın yaratdığı məftunedici qondarma dünyada yaşayırlar. Günümüzün şagirdi özünü başa düşməli, “ona nə lazım olduğunu” dərk edərək öz gələcək yolunu özü seçməlidir. Bu yol isə öncə söylədiyim kimi oxumaqdan və öyrənməkdən keçir.

-Məktəbdə sizin yaşınız qədər çalışan, yetərincə təcrübəsi olan müəllimlərlə yeni gəlmiş gənc müəllimlər arasında münasibətlər necədir?

-Onlarla ən xoş və isti münasibətlərim var. Hamı şaddır ki, nəsillər dəyişir və təcrübəli müəllimləri əvəz edəcək gənclər də var. Biz onlara  məsləhət və yaranmış suallarla görə müraciətlər edirik. Tez-tez özümüzün dərslərlə bağlı yeni ideyalarımızdan danışırıq. Elə anındaca bunun xoş nəticəsini görürük. Deməli, bizi çox xoşluqla qarşılayırlar və hiss edirik ki, onlar da bizə çox ehtiram və hörmətlə yanaşırlar. Təcrübə və biliklərini bizimlə bölüşməkdən çox məmnun qalırlar. Axı biz onların davamçılarıyiq.

-Siz dərslərdə səs salan, dərsə mane olan şagirdləri necə “cəzalandırırsınız”?

-Belə şagirdlərlə ilə söhbət ən çox iki variantda başa çatır:

1. Çalışıram başa salım ki, dərsdə özünü belə aparıb başqalarına mane olmaq müəllimə və şagird yoldaşlara hörmətsizlikdir. Bundan sonra o, geri çəkilir.

 2. O, başa düşür ki, onun bu hərəkəti yersiz olduğuna görə şagirdlərin gülüş mənbəyinə çevrilib. Bununla da, o səhvini başa düşür. Sonralar bu hərəkətlərə yol vermir.


Açar sözlər: ,  ,  ,