13.02.2019

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçlığı ilə “Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Dini təhsil sektorunun müdiri Əli Həziyev, DQİDK-nin İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, həmin şöbənin əməkdaşı Elvin İbrahimov, İmişli Rayon Təhsil Şöbəsinin müdir əvəzi Vahid  Tağıyev, İmişli rayonu Cəfərli kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Abil Süleymanov, dini icma üzvləri, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə Vahid Tağıyev açaraq qeyd edib ki, bu tədbirlərin keçirilməsində məqsəd milli - mənəvi dəyərlərimizin qorunması, gənclər arasında təbliği və gələcək nəsillərə çatdırılmasıdır. O, keçmişdən bizə gəlib çatmış yüksək milli-mənəvi dəyərlərin qorunmasının müasir dövrün aktual məsələlərindən olmasın bildirib. Buna görə də şagirdlər arasında bu sahədə maarifləndirmə işinin aparılmasının daima diqqətdə saxlanılmasını vurğulayıb.

DQİDK-nin Dini təhsil sektorunun müdiri Əli Həziyev Azərbaycanda əsrlər boyu formalaşan və bu gün dünyaya örnək olan mənəvi dəyərlərdən, tolerantlıq mühitindən, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasından, gənclərin yad dini ideologiyadan qorunmasından, dövlət - din münasibətlərindən danışıb. O, həmçinin milli - mənəvi dəyərlərin qorunması, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi, asudə vaxtlarının səmərəli təşkili, sağlam ailə mühitinin formalaşdırılması istiqamətində səylərin artırılmasının zəruriliyini  vurğulayıb, gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmini diqqətə çatdırıb.

DQİDK-nin İmişli bölgəsi üzrə şöbə müdiri Cavanşir Bəhrəmov çıxışında, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də onların qeyri-ənənəvi, radikal yönümlü dini təriqətlərin və pis vərdişlərin təsirindən qorunmasından danışıb. Mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizənin təşkil edilməsi istiqamətində müəyyən işlərin görülməsi, xüsusilə vaxtaşırı maarifləndirmə tədbirləri aparılması ilə gənclərimizin zərərli vərdişlərdən qorunmasında mühüm vasitə olmasını diqqətə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran sullar cavablandırılıb və onlara Komitə tərəfindən nəşr edilən ədəbiyyatlar paylanılıb.


Açar sözlər: ,  ,  ,