14.02.2019

“Sulfat turşusu” mövzusunda “açıq dərs” keçirilib

İmişli şəhər 8 saylı tam orta məktəbdə kimya müəllimi Firuzə Bayramovanın 9-cu sinifdə “Sulfat turşusu” mövzusunda “açıq dərs”i olub. Dərsdə müşahidəçi qismində İmişli Rayon Təhsil Şöbəsinin əməkdaşları Vilayət Əliyev, Namiq Muradov, məktəbin direktoru Rəna Quliyeva və direktor müavini Təranə Qasımova iştirak edib.

Müəllim dərsi maraqlı motivasiya ilə başlayıb: O, konservləşdirilmiş pomidorları göstərməklə şagirdlərin diqqətini turşulara yönəldib və turşuların fəallıq sırasında ən fəal turşunun hansı turşu olmasını şagirdlərdən soruşub. Sonra müəllim “Sulfat turşusunun istehsalı hansı mərhələlərdən ibarətdir və digər turşulardan hansı fərqli xassələrə malikdir?” tədqiqat sualını şagirdlərə verib. Bu iş şagirdlərin “Xalkogenlər”, “Pirit”, “Kükürd” və “Oleum” qruplara bölünməsi ilə aparılıb.

“Xalkogenlər” qrupuna sulfat turşusunun alınması və fiziki xassələri, “Pirit” qrupuna duru sulfat turşusunun kimyəvi xassələri, “Kükürd” qrupuna qatı sulfat turşusunun kimyəvi xassələri və “Oleum” qrupuna isə sulfat turşusunun tətbiqi və təyin edilməsi üzrə tapşırıqları verilib. Tədqiqatın aparılması üçün hər bir qrupa laboratoriya işlərinin (təcrübələrin) aparılması tapşırılıb.

Şagirdlər şəkərin kömürləşməsi, çay sodasının üzərinə sulfat turşusunun əlavə olunması, qələvilərin sulfat turşusu ilə reaksiyası, ammonyaklı suyun sulfat turşusu ilə reaksiyası, natriumun qatı sulfat turşusu ilə reaksiyası, oduncağın kömürləşməsi, sink və alüminiumun qatı sulfat turşusu ilə reaksiyası təcrübələrini aparıblar.

Daha sonra şagirdlər tərəfindən təqdimat hazırlanaraq müzakirə edilib. Şagirdlərin təqdimatı göstərdi ki, şagirdlərə öz fikirlərini sərbəst şəkildə şifahi və yazılı formada ifadə etmək, tədqiqatçılıq, nitqin səlisliyini gözləmək vərdişləri aşılanıb. Bununla yanaşı, dərsin gedişindən aydın oldu ki, müəllim coğrafiya, biologiya və riyaziyyat fənnləri arasında inteqrasiya qurmağın da öhdəsindən asanlıqla gəlir.

Dərsdə maraq doğuran hallardan biri də şagirdlərin hər birinin fəallıq göstərməsi idi. Onların buraxdığı bəzi səhvlər isə ustalıq və həssaslıqla müəllim tərəfindən təhlil edilib.

 Müəllim resurslardan, xüsusilə İKT avadanlıqlarından bacarıqla istifadə edib. Belə ki, dərsin ümumiləşdirmə mərhələsində kükürd və sulfat turşusunun quruluşuna aid, həmçinin sulfat turşusunun sənaye istehsalına dair videoçarx nümayiş etdirib. Ev tapşırığı olaraq şagirdlərə “Sulfat turşusunun istehsalı zamanı ətarf mühitin çirklənməsi və bununla mübarizə tədbirləri” mövzusunda referat yazmaq tapşırılıb.

“Açıq dərs”in təhlili zamanı rayon Təhsil şöbəsinin əməkdaşları Vilayət Əliyev və Namiq Muradov dərsin yüksək səviyyədə qurulduğunu və müəllimin pedaqoji - metodik ustalığını faktlarla qeyd ediblər.

 


Açar sözlər: ,  ,  ,