16.02.2019

“Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə İmişli Rayon Polis Şöbəsinin dəstəyi, İmişli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı və məktəbin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya qarşi mübarizə, narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə İmişli rayon PŞ-nin rəis müavini Vaqif Nəsirov, narkotikə qarşı mübarizə şöbəsinin rəisi Fərzi Məmmədov, İmişli RTŞ-nin müdir əvəzi Vahid Tağıyev, İmişli Rayon Mərkəzi Xəstəxanasının həkim narkoloqu Elnur Qasımov, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, 4 saylı hüqüq məsləhətxanasının vəkilləri Fayil Məmmədov, Qeys Musayev və İmişli rayon İH-nin əməkdaşları iştirak ediblər.

Tədbirdə narkomaniya və onun fəsadları haqqında şagirdlərə geniş məlumat verilib. Onlara sağlam həyat tərzinin aşılanmasında, zərərli vərdişlərə, narkotikaya qarşı meylin qarşısının alınmasında ümumi təhsil məktəblərinin pedaqoji kollektivləri və xüsusilə də, psixoloqları qarşısında duran mühüm və məsul vəzifələrdən söhbət açılıb. Bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirilib.

İmişli RTŞ-nin müdr əvəzi Vahid Tağıyev rayonun ümumi təhsil məktəblərində, məktəbdənkənar müəssisələrdə narkomaniyaya qarşı aparılan maarifləndirmə işləri və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidov narkomaniyaya qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib. O, respublika əhalisi və xüsusi ilə gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı maarifləndirmə tədbirlərinin İmişli rayonunda da daimi xarakter daşıdığını qeyd edib. Eyni zamanda vurğulayıb ki, İmişli Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasına rayonun hüquq-mühafizə orqanlarının, Rayon Gənclər və İdman İdarəsinin rəhbərləri, ictimaiyyət nümayəndələri də daxil edilib.

Sonda “Narkomaniyaya qarşi mübarizə, narkomaniyaya yox deyək!” adlı video çarx nümayiş olunub.


Açar sözlər: ,  ,  ,