26.02.2019

Xocalı soyqırımının 27-ci ildönümü qeyd edilib

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar İmişli rayonunun ümumi təhsil müəssisələrində “Xocalı qan yaddaşımız” adlı tədbirlər keçirilib. Tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəb rəhbərlərinin, pedaqoji kollektivlərin, şagirdlərin və valideynlərin də iştirak etdikləri tədbirlərdə çıxışlarla bərabər, həm də ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının müxtəlif tarixi zamanlarda öz əzəli torpaqlarında qaçqına, məcburi köçkünə çevrilməsi və bütün bu hadisələrin ermənilər tərəfindən xalqımızın kütləvi qırğınları ilə müşahidə olunaraq faciəvi sonluqlarla nəticələnməsi  diqqətə çatdırılıb.

Daha sonra XX əsrin faciəsi olan Xocalı soyqırımının bəşər tarixində ən böyük cinayətlərdən biri olduğunu, erməni işğalçılarının ağlasığmaz vəhşiliklərini qeyd etməklə yanaşı, bu faciənin qurbanlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı bildirilib.

Tədbirlərdə şagirdlər tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən kompozisiyalar nümayiş olunub. Bu kompozisiyalarda şagirdlər həmin günün ağrısını bir daha yaşadaraq, Vətən uğurunda hər zaman möhkəm olmağa səsləyiblər.

Müxtəlif vətənpərvərlik və hərbi mahnılar ilə şagirdlər hər zaman güclü, qüdrətli Azərbaycan ordusu ilə birlikdə olduqarını, Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızı düşməndən azad edə biləcək gücə sahib olduqlarını diqqətə çatdırıblar.

 


Açar sözlər: ,  ,  ,