01.03.2019

“Məktəblilərin Respublika Yaradıcılıq Festivalı”nın rayon mərhələsinə yekun vurulub

İmişli rayonu Mədəniyyət Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Məktəblilərin Respublika Yaradıcılıq Festivalı”nın rayon mərhələsi keçirilib. Festival Azərbaycan Respublikası Təhsil, Ekologiya və Təbii Sərvətlər və Mədəniyyət nazirlikləri tərəfindən keçirilir.

Festivalın keçirilməsində məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzinin formalaşdırılması, onlara gələcəkdə ixtisas və peşə seçim imkanlarını təmin edən müvafiq bacarıqların verilməsidir.

İmişli şəhər 7 saylı məktəbin şagirdlərinin İmadəddin Nəsiminin “İstəmə” qəzəli əsasında hazırladıqları səhnə münsiflər heyəti tərəfindən 15 xalla, 3 saylı məktəbin hazırladığı M. C. Paşayevin “Bir gəncin manifesti” əsərindən “İtə ataram, yada satmaram” səhnəsi 10 xalla və 1 saylı məktəb-liseyin H. Cavidin “Ana” əsəri əsasında hazırladığı səhnə 5 xalla qiymətləndirilib.

Təsviri incəsənət nominasiyası üzrə 1-ci yeri 3 saylı, 2-ci yeri 7 saylı və 3-cü yeri isə 2 saylı məktəblərin şagirdlərinin rəsmləri qazanıb.

Festivalın rayondaxili mərhələsinin qalibləri martın 15-25-də Göyçay rayonunda keçiriləcək zona mərhələsində iştirak edəcəklər.


Açar sözlər: ,  ,  ,