06.03.2019

Təhsil Nazirliyinin keçirdiyi müşavirə ilə bağlı tədbir keçirilib

Təhsil Nazirliyinin “Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda keçirdiyi müşavirədən irəli gələn vəzifələrlə bağlı İmişli şəhər 8 saylı tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə İmişli RTŞ-nin əməkdaşları və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak edib.

İmişli RTŞ-nin müdir əvəzi Vahid Tağıyev müşavirə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsində qarşıda duran prioritet vəzifələr barədə geniş məruzə edib. Qeyd edib ki, şəxsiyyətin formalaşmasında və zəruri həyati bacarıqlara yiyələnməsində ümumi təhsilin müstəsna rolu var.  Təhsilin bu pilləsinə həmişə xüsusi diqqət göstərilib. Keyfiyyətin yüksəldilməsində isə təhsil müəssisələrinin idarə edilməsinin düzgün təşkili çox əhəmiyyətli məsələdir. Beləliklə, məktəb direktoru vəzifəsi səriştəli insanlara həvalə edilməlidir. Məktəbdəki uğur və çatışmazlıqlar direktorun kimliyi ilə birbaşa bağlıdır. Məktəbin fəaliyyətinin planlaşdırılması, fənlərin tədrisinin təhlili, gənc müəllimlərə qayğı, məktəb-valideyn əlaqələrinin gücləndirilməsi və istedadlı uşaqlarla işin keyfiyyətli təşkili əsas həfəflərdəndir.

Şagirdlərdə milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin aşılanması əsas prioritetlərdən olduğu müşavirədə xüsusi qeyd edilib. Məktəbdaxili nəzarət və ona rəhbərliyin həyata keçirilməsi, metodik işlərin səviyyəsinin yüksəldilməsi, təhsil şöbələrində şuraların və məktəb pedaqoji şuralarının fəaliyyətinin düzgün planlaşdırılması və nəticəyönümlü məqsədlərə uyğun təşkilinin əhəmiyyəti vurğulanıb. Respublika üzrə rayonların göstəriciləri müşavirə iştirakçılarına təqdim olunub.  Məktəblərin fəaliyyətinin müxtəlif parametrlərdən statistik təhlili onların nəticələrinin əsas güzgüsü olması da qeyd olunub.

Müşavirədə Təhsil naziri Ceyhun Bayramovun “Hər kəs özünə sual verməlidir: mən bu həftə nə iş görmüşəm?” fikri xüsusi olaraq vurğulanıb. Özünüqiymətləndirmə yolu ilə hər günün, həftənin uğurları təhsilin keyfiyyətli inkişafının nəticəsinə çevrilməsi, təhsil sahəsində hər kəsdən məqsədyönlü və hədəflərə istiqamətlənmiş məsuliyyətli fəaliyyətin tələb olunması tədbir iştirakçılkarının diqqətinə çatdırılıb.

Tədbirdə qeyd olunan məsələlərlə bağlı geniş müzakirə keçirilib və rayonun ümumtəhsil məktəblərinin qarşısında duran vəzifələr müəyyənləşdirilib.


Açar sözlər: ,  ,  ,