07.03.2019

Xuraman Əhmədova: “Müəllimlik bir peşə deyil, yaradıcılıq tələb edən incə sənətdir”

Əhmədova Xuraman Məhəddin qızı 1962-cı ildə İmişli rayonunun Ölcələr kəndində anadan olub. Orta təhsilini 1969-1979-ci illərdə Ölcələr kənd tam orta məktəbində alıb. 1985-ci ildə ADPU-nin riyaziyyat fakültəsini bitirib. Həmin ildən pedaqoji fəaliyyət göstərir. Hazırda İmişli rayon Ölcələr kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir.

O, Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 oktyabr 2005-ci il tarixli 1034 nömrəli sərəncamı ilə “Tərəqqi” medalına, 2017-ci il 3 oktyabr tarixli 3269 nömrəli sərəncamı ilə isə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

-Xuraman müəllim, bildiyimizə görə, orta məktəbi əla qiymətlərlə bitirmisiniz. Niyə başqa peşə yox, məhz riyaziiyat müəllimi?

-Bunun bir çox səbəbləri var. Bu peşəni mənə sevdirən müəllimlərim olub. Elmin sirlərinə bələd olduqca riyaziyyat elminə marağım daha da artdı. Hər dəfə çalışmaları düzgün həll etdikcə müəllimlərimin üzündəki təbəssüm, sevinc məni daha da cəsarətləndirirdi və özümə inamı artırırdı. Qeyd edim ki, mənim orta məktəbdə riyaziyyat müəllimim Tərlan Mustafayev olub. Onun şəxsi keyfiyyətləri, ciddi bir müəllim olması, riyaziyyatı sevə-sevə şagirdlərə tədris etməsi sayəsində mənə bu peşəni sevdirib.

-Bu gün seçiminizdən razısınızmı?

-Peşədən söhbət düşəndə, mən məktəb illərində etdiyim seçimimdən həmişə razılığımı bildirmişəm. Elə indi də sizə deyə bilərəm ki, mən sahib olduğub bu peşəyə görə özümü xoşbəxt hesab edirəm. Müəllimin savadı, qabiliyyəti, davranışı, sagirdlərinə olan sevgisi cəmiyyyəti qane edirsə, o, müəllim heç vaxt seçimindən narazı qala bilməz. Mən həmişə el-oba içərisində özümə qarşı böyük bir hörmət, rəğbət hiss etmişəm. Bu məni sevindirir. Deməli, mən düz seçim etmişəm.

-Bu günün müəllimi olmaq istəyənlərdə hansı xüsusi keyfiyyət və bacarıqlar olmalıdır?

-Fikrimcə birincisi, müəllim ilk növbədə işinin peşəkarı olmalıdır. Əsası o, dərin biliyə malik olmalıdır.

İkincisi - Həmçinin bildiklərini öyrətmək bacarıqlarına malik olmalıdır.

Üçüncüsü - uşaqlara böyük məhəbbəti olmalıdır. Axı biz seçilmiş insanları öyrətmirik hansı ki, hər bir deyiləni aydın olaraq yazır və ideal vəziyyətdə də hər şeyi dərhal başa düşür. Gərək özünə hesabat verəsən ki, dərsdə 20 – 25 nəfər şagird oturur və hər birinə də fərdi yanaşmaq lazımdır. Kimsə yavaş-yavaş yazır, oxuyur, kimsə tez-tez. Axı dərs ondan ibarət deyil ki, müəllim sinfə girib dərsə aid videoçarxı işə salıb gedir. Burda hər bir kəs üçün xüsusi yanaşma lazımdır ki, müəllim də bunu bacarmalıdır. O, hardasa bir psixoloq da olmalıdır.

Bir sözlə, günün müəllimi çox savadlı olmaqla yanaşı yüksək insani hisslərə malik olmalıdır. Şagirdlərə böyük sevgi ilə yanaşmağı bacarmalı, səbirli olmalı, dərsləri sevgi və böyük maraqla keçməli, şagird-müəllim münasibətlərini gözləməli, şagirdləri üçün  şəxsi nümunə olmalıdır. Bir sözlə sənətinin vurğunu olmalıdır.

-Artıq 34 ildir ki, müəllim vəzifəsində çalışırsınz. Hazırda  Ölcələr kənd tam orta məktəbində işləyirsiniz. Məktəbiniz haqqında nə deyərdiniz?

-Məktəbimizdə hazırda 164 nəfər şagird təhsil alır. Məktəbin təlim göstəriciləri hər il yüksəlməkdədir və ildən-ilə uğurlarımız artır. Ötən tədris ilində məktəbin 2 nəfər məzunu ali məktəblərə, 2 nəfər isə orta ixtisas məktəblərinə qəbul olub. Məktəbimiz hər zaman dövrün tələblərinə cavab verməyə çalışıb. Məktəbin köhnə binası uzun illər idi təmir olunmurdu. Bu da bir çox çətinliklər yaradırdı. 2014-cü ildə məktəbimizin yeni, müasir formada tikilmiş binası istifadəyə verildi. Artıq bir neçə ildir ki, xəyallarımızda arzuladığımız bir məktəbdə çalışırıq. İndi isə qarşımıza bir məqsəd qoymuşuq: Savadlı və vətənpərvər gənclər yetişdirmək. İnanıram ki, dövlətimizin qayğısı ilə biz bu istəklərimizi həyata keçirəcəyik.

-Xuraman müəllim, rayonumuzda və ümumiyyətlə, ölkəmizdə təhsilin bu günü ilə bağlı nə deyərdiniz?

-Onu deyim ki, dövlətimiz təhsilin inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Müasir tipli məktəb binalarının tikintilərinin davam etdirilməsi, ucqar kəndlərdə çalışan müəllimlərin müxtəlif həvəsləndirici vasitələrlə xərclərinin qarşılanması, təhsil işçilərinin əmək haqlarının artırılması bütün bunlar təhsilin inkişafını şərtləndirir. Müəllimlərin Diaqnostik Qiymətləndirilməsinin (DQ) aparılması, Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsinin keçirilməsi, məktəblərdə təmayül siniflərinin yaradılması və s. bütün bunlar bu gün Azərbaycan təhsilinin uğurlarıdır. Təhsilimizdə xüsusən orta məktəblərdə böyük uğurlarımız var. Ali məktəblərə qəbul zamanı məzunların sayının və eyni zamanda yüksək balla qəbul olanların sayının artması təhsilin keyfiyyətinin artmasınının sübutudur.

-Sizcə, bu gün ucqar kənd məktəblərində təhsilin keyfiyyətini daha da artırmaq üçün hansı işlər görülməlidir?

-Son illər artıq kəndlə şəhər arasında elə bir fərq görmürəm. Çünki, işlədiyim kənd məktəbində hər bir şərait yaradılıb. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları avadanlıqlar və lazımi dərs vəsaitləri ilə təhciz olunub. Məktəbdə internet və digər zəruri tədris vəsaitləri müasir tələblər səviyyəsindədir. Kəndlərin infrastrukturu da ildən-ilə yenilənir. İlk olaraq müəllim hazırlığına daha çox diqqət yetirilməlidir. Məktəblər ibtidai siniflərdən başlayaraq şagirdləri öyrətməyin əlverişli yollarını tapmalıdır. Elə yollar tapılmalıdır ki, şagirdlər fikri fəaliyyət metodlarından müstəqil istifadə etmək  qabiliyyətinə yiyələnsinlər.

-Son illərdə məktəblərimizdə gənc müəllimlərin sayı artmaqdadır. O cümlədən, İmişli rayonunun məktəblərində çalışan gənc müəllimlərin sayı ildən-ilə artır. Onların təhsilimizdə rolu barədə nə deyərdiniz?

-Mən həmişə gənclərin elmi potensialına güvənmişəm. Məktəblərdə bütün ixtisaslar üzrə gənc müəllimlərin olması təhsilin keyfiyyətinin artmasına əsas verir, sağlam rəqabətə yol açır. Gənc müəllimlər hər zaman diqqət mərkəzindədir və onların daimi qayğıya ehtiyacları var. İnanıram ki, bütün sahələrdə olduğu kimi gənclərimiz təhsildə də dövlətimizin həyata keçirdiyi islahatlarda fəal yaradıcılıq mövqeyi tutacaqlar .Mən onlarda səbrin, dözümün və fənninə böyük marağın olmasını görmək istərdim.

-İmişli rayonunda Əməkdar müəllim Fəxri adına layiq görülən 10-cu müəllimsiniz. Necə oldu ki, bu şərəfli ada layiq görüldünüz?

-Gənc yaşlarımdan mənim müəllimlik fəaliyyətim rayon ictimaiyyətinin və rayon Təhsil şöbəsinin nəzərindən kənarda qalmayıb. İş təcrübəmin dəfələrlə rayon məktəbləri arasında yayılması, müxtəlif müsabiqələrdə daha fəal iştirakım və təhsil şöbəsi tərəfindən aldığım fəxri fərmanlar məni bu fəxri adlara aparan yol olub. Nəhayət 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sənrəncamı ilə “Tərəqqi medalı”na layiq görüldüm və bu mənim pedaqoji fəaliyyətimə verilən ən böyük qiymət oldu. Bundan sonra isə “Əməkdar Müəllim” adına almağı gözləmirdim. 2017-ci ildə cənab İlham Əliyevin sənrəncamı ilə bu fəxri ada layiq görüldüm. Onu da demək istəyirəm ki, müəllimlərin böyük zəhmət tələb edən əməyinə qiymət verən hər bir insanla qürur duyuram.

-Fənnin tədrisində və ya şagirdlərə elmin öyrədilməsində müəllim şəxsiyyətinin rolunu necə qiymətləndirirsiniz?

-Şagirdlərin təlim-tərbiyəsində müəllim şəxsiyyətinin rolu əvəzolunmazdır. Müəllim şagirdlər üçün ideal olmalıdır. O, Hər zaman hər yerdə öz şəxsiyyətini qorumalı və nümunə olmalıdır. Müəllim şagirdlərini elə ruhda tərbiyə etməlidir ki, onun həm fənninə həm də şəxsiyyətinə hörmət azalmasın. Necə ki, biz öz müəllimlərimzlə fəxr edirik və indi də onları görəndə özümüzü onların qarşısında şagird kimi hiss edirik. Fikrimcə cəmiyyət müəllimi o zaman müəllim kimi qəbul edir ki, o, özünü cəmiyyət içində bacarığı, tərbiyəsi və elmi biliyi ilə sübut etmiş olsun. Əlavə olaraq onu da deyim ki, bu gün təhsildə moderinləşmə sürətlə gedir və müasir pedaqogikanın qarşısında şagirdlərin öyrənməyə cəlb ediləsi kimi aktual sual yaranıb. Günümüzün təhsil müəllim və şagirdin birgə zəhmətidir. Bu müəllim - şagird əməkdaşlığının pedaqoqikasıdır desəm yanılmaram.

-Müəllim peşəsinə sahib olmaq istəyən gənclərə məsləhətiniz nə olardı?

-Mənim şagirdlərim arasından çox sayda bu peşənin davamçıları var. Elə indi də biləndə ki, şagirdlərdən kimsə müəllim olmaq istəyir, onlara belə bir məsləhət verirəm: Bu peşəyə sahib olmaq istəyirsənsə, seçdiyin fənnə və uşaqlara böyük məhəbbətin olmalıdır. Bunların hər ikisini də o qədər sevməlisən ki, nə öyrətməkdən, öyrənməkdən nə də zəhmətdən çəkinməməlisən. Səbrli olub, dözüm göstərib şagirdlərinin yüksək nəticə, uğur əldə etmələrinə kimi çalışmalısan. Əgər bu xüsusiyyətlərin varsa, onda müəllim ol.

-Əgər sizin keçmişə və ya gələcəyə səfər etmək imkanınız olsaydı, hansı zamanı seçərdiniz?

-Belə bir imkan olsaydı, ilk dəfə müəllim kimi sinfə girdiyim, zəhmətimə böyük qiymət verildiyin eşidəndə keçirdiyim anlara qayıdardım. O anlar bu yolda yaşadığım qeyri-adi, ən böyük xoşbəxtlik hisslərim olub.

 


Açar sözlər: ,  ,