12.03.2019

Novruz ənənələri ilə bağlı tədbir keçirilib

İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində Novruz ənənələri ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbəhazırlıq qrupunun uşaqları, müəllim və valideynlər iştirak edib.

Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirdə məktəbin direktoru Səxavət Tağıyev xalqımızın qədim tarixini özündə əks etdirən, milli adət və ənənələrini yaşadan Novruz bayramının tarixi və çərşənbələri haqqında şagirdlərə geniş məlumat verib.

Bayramsayağı geyinmiş məktəbəhazırlıq qrupunun uşaqları Novruz ənənələrinə və yel çərşənbəsinə aid səhnəciklər göstərib, şeirlər söyləyiblər.

2-ci sinif şagirdi Nərgiz Vəlizadənin yel çərşənbəsi haqqında söylədiyi şeir isə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda uşaqlara bayram hədiyyələri paylanılıb.


Açar sözlər: ,  ,  ,