18.03.2019

Ədəbi-bədii gecə keçirilib

Hacıbabalı kənd ümumi orta məktəbdə “Azərbaycan dili – milli varlığımızdır” adlı ədəbi-bədii gecə keçirilib. Dövlət himninin oxunması ilə başlayan tədbiri giriş sözü ilə məktəbin direktoru əvəzi Şahin İsmayılov açıb. O, ədəbi-bədii  gecələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, fənn gecələrinin keçirilməsi məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimləri tədris prosesində yaradıcı fəaliyyətə təşviq etməkdə, qabaqcıl təcrübələrin nümayişi və təbliğində mühüm rol oynayır.

Gecənin bədii hissəsinin başlanması üçün söz məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Mənzərə verilib. O, ilk növbədə ədəbi-bədii gecənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq keçirildiyini və gələcəkdə intellektual oyunların, bilik yarışlarının, bədii qiraət və inşa yazı müsabiqələrinin də keçiriləcəyini bildirib.

Daha sonra 8-ci sinif şagirdləri Azərbaycanın folklor nümunələrindən: alqışlar, atalar sözləri, yanıltmaclar, yuxu yozmaları, tapmacalar, bayatılar, nazlamalar və laylalar söyləyiblər. 5-ci sinif şagirdi Səma Hüseynli M. Füzulinin “Məni candan usandırdı” qəzəlini və  M. Ə. Sabirin “Çatladı Xanbacı qəmdən ürəyim” adlı şeirini ifa ediblər. Jalə Əsgərova isə Sabirin “Oxutmuram əl çəkin” adlı satirik şeirini böyük bir məharətlə söyləyib.

Gecənin sonunda şagirdlər müxtəlif Azərbaycan xalq mahnılarına uyğun hazırladıqları rəqsləri nümayiş etdiriblər.

Ədəbi-bədii gecə şagirdlər tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: ,  ,  ,  ,