19.03.2019

Məktəblərdə Novruz bayramı şənlikləri keçirilib

İmişli rayonunun ümumi təhsil məktəblərində “Novruz bərəkətdir” adlı silsilə Novruz bayramı şənlikləri keçirilib.  Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilən tədbirlərdə məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Şənliklərdə Novruz bayramının özünəməxsus xüsusiyyətlərindən söz açılıb, bu bayramın xalqımızın ən böyük milli bayramı olduğu vurğulanıb. Çıxış edənlər təbiətin oyanışının rəmzi olan bu bayramın özü ilə bərabər ruzi-bərəkət, yüksək əhval-ruhiyyə, həyata qaynarlılıq gətirdiyini qeyd ediblər.

Bahar Qızı, Keçəl və Kosanın gəlişi ilə başlayan bayram şənliklərində milli geyimli şagirdlərin ifasında rəqslərlə bərabər müxtəlif səhnəciklər və oyunlar da nümayiş olunub.

Bayram tədbirlərinin sonunda məktəblərin həyətində Novruz tonqalı qalanıb, milli geyimdə olan şagirdlər tonqal ətrafında rəqs ediblər.


Açar sözlər: ,  ,  ,  ,