23.03.2019

Şagirdlər Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa rayonlarına səfərə yola düşüblər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində rayonun ümumi təhsil məktəblərinin 9-11-ci sinf şagirdlərindən ibarət qrup Şəmkir, Göygöl, Tovuz, Qazax və Ağstafa rayonlarına səfərə yola düşüb. Tur-aksiyada ümumi təhsil məktəblərindən təhsili və nümunəviliyi ilə fərqlənən 40 nəfər şagird seçilib.

İmişli Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub, şagirdləri səfər boyu müşayiət edəcək müəllim və həkim heyəti seçilib. Şagirdlər üçün xususi geyimlər alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qrup müasir nəqliyyat vasitəsilə təmin edilib.

Yola salınma mərasimində İmişli rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfa Ağayev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. O, bildirib ki, tur-aksiya zamanı şagirdlər ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəniyyəti, adət-ənənələri və ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olurlar. Onlarda Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, şəhər və rayonlarımızın yeniləşən siması barəsində əyani təsəvvürlər yaranır.

Şagirdlər əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ucalan abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüb və oradan da yola düşüblər.


Açar sözlər: ,  ,  ,