02.04.2019

“Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda görüş keçirilib

İmişli şəhər 5 saylı məktəb-liseydə “Aprel döyüşləri timsalında Azərbaycan ordusunun qüdrətinin təbliği” mövzusunda tədbir keçirilib. Tədbirdə İmişli rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi polkovnik-leytenant Qulu Əsədov, Qarabağ müharibəsi veteranları Ələddin Qardaşov, Faiq Soltanov, Qurban Hüseynov, Taleh Tapdıqov, şəhid atası İlyas Nəsirov və məktəb-liseyin rəhbərliyi, müəllim və şagirdləri iştirak ediblər.

Tədbirin giriş hissəsində Qarabağ döyüşləri zamanı şəhid olmuş hərbiçilərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra giriş nitqi ilə çıxış edən Qulu Əsədov Azərbaycan Ordusunun aprel döyüşlərində qazandığı tarixi qələbədən danışaraq bildirib ki, Aprel döyüşləri igidlərimizin tarix yazdığı bir döyüşdür. Bu qələbə nəticəsində bütün dünya ordumuzun gücünü, qüdrətini hiss etdi. Ermənistan müharibə başlayacağı zaman onun necə bir güclü ordu ilə qarşılaşacağını dərk etdi. O, bildirib ki, Aprel döyüşləri haqqında hər kəsi məlumatlandırmaq biz vətəndaşların borcudur. Biz istəyirik ki, ölkəmizin hər bir vətəndaşı, xüsüsən gənclərimiz bu döyüşlərdə igidlərimizin göstərdiyi qəhrəmanlıqlar haqqında məlumata sahib olsunlar.

Qarabağ döyüşlərində şəhid olmuş Cəmaləddinin atası İlyas Nəsirov Aprel döyüşləri haqqında danışaraq bildirdi ki, ordumuzun bu qələbəsi Azərbaycanda hakimiyyət və xalq arasında sıx birliyi göstərdi, eləcə də bu birlik sayəsində işğal altındakı torpaqlarımızın azad olunacağı inamını yaratdı. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı öz ərazilərinin işğal altında olması ilə barışmayacaq, nəyin bahasına olursa-olsun torpaqlarımızı düşmən tapdağından azad edəcək.

Digər natiqlər çıxışlarında Qarabağ və Aprel döyüşləri haqqında geniş məlumat verməklə yanaşı Cocuq Mərcanlıya qayıdışın yaxın gələcəkdə azad olunacaq bütün işğal altında olan torpaqlarımıza qayıdışın başlanğıcı olduğunu vurğulayıblar.

 


Açar sözlər: ,  ,  ,  ,