03.04.2019

Şəhidin anım günü keçirilib

İmişli rayonu Hacıbabalı kənd ümumi orta məktəbində şəhid əsgər Kamil Əsəd oğlu Əsədovun doğum günü ilə əlaqədar anım günü keçirilib. Tədbirdə şəhidin qardaşı Arazxan Əsədov, sinif və cəbhə yoldaşı Sərvan Hüseynov da iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktor əvəzi Şahin İsmayılov Kamilin şagird olduğu illərlə bağlı xatirələrini bölüşüb. O, Kamilin məktəbdə ən sevimli şagirdlərindən olduğunu diqqətə çatdırıb.

O, 1992-ci ilin dekabr ayında Ağdam rayonunun Mərzli kəndində qəhrəmancasına həlak olmuş Kamilin gənclərə örnək olduğunu bildirib və qeyd edib ki, Vətən, Ana torpaq uğrunda şəhid olanlar, xalqına sədaqət nümunəsi göstərənlər heç vaxt unudulmur, onların xatirəsi hər zaman xalqımız tərəfindən xatırlanaraq qəlblərdə əbədi yaşayır.

Şagirdləri Kamil kimi vətənpərvər olmağa çağıran çıxış edənlər tezliklə torpaqlarımızın erməni işğalçılarından azad olunacağını bildirib və belə tədbirlərin keçirilməsinin gənclərin milli ruhda tərbiyə olunmasında böyük rol oynadığını qeyd ediblər.

Sonda şəhidin qardaşı Arazxan çıxış edərək Kamilin xatirəsinə bəslənən hörmətə və diqqətə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, Hacıbabalı kənd ümumi orta məktəb Kamil Əsədovun adını daşıyır.


Açar sözlər: ,  ,  ,